“Xəzərin səviyyəsi enir”

8 Oktyabr 2012 19:13 (UTC+04:00)
Alimlərimiz İtaliyada keçirilən beynəlxalq konfransda Xəzərdəki uzunmüddətli dəyişmələrdən danışıblar
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri İtaliyanın Sardiniya adasında keçirilmiş "Dənizin sahilində: Dördüncü dövr geoloji mərhələdə çöküntülər, geomorfologiya, tektonika və stratiqrafiya" adlı 5 günlük beynəlxalq konfransda iştirak ediblər.
AMEA Geologiya İnstitutunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir Dördüncü Dövr Tədqiqatları üzrə Beynəlxalq Birliyin Avropa Dördüncü Dövr Bölməsi tərəfindən təşkil olunub. Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə, elmi işlər üzrə direktor müavini akademik İbrahim Quliyev, şöbə müdirləri və geologiya-mineralogiya elmləri doktorları – Elmira Əliyeva və Dadaş Hüseynov Xəzər dənizinin geoloji tarixinə, o cümlədən səviyyə dəyişmələrinə dair məruzələrlə çıxış ediblər. Alimlərimiz bildiriblər ki, Dördüncü Dövrdə (2,588 milyon il bundan əvvəl) Qara dənizlə ara-sıra əlaqəli olan Xəzər bu günə qədər geoloji qabarma-enmə və qlobal istiləşmə proseslərinə məruz qalıb. Nəticədə dənizin səviyyəsi xeyli azalıb, ərazisi kiçilib və qapalı hövzəyə çevrilib. Azərbaycan alimləri Xəzərin səviyyəsindəki uzunmüddətli dəyişmələri tektonik proseslərlə izah ediblər. Qısa müddətli və tez-tez baş verən dəyişmələrin səbəbi kimi isə iqlim dəyişmələri göstərilib. Akif Əlizadə qeyd edib ki, qlobal istiləşmənin təsiri ilə Xəzərin səviyyəsinin enməsi son onilliklərdə daha qabarıq müşahidə olunur və bu proses hazırda da davam edir.