Seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş sonuncu regional seminar keçirilib - FOTO

11 Sentyabr 2015 16:26 (UTC+04:00)

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində Şəkidə regional seminar keçirilib.


Movqe.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, Milli Məclisə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş sonuncu regional seminar Şəki şəhərində təşkil olunub. Seminarda şimal-qərb bölgəsində və ətraf rayonlarda fəaliyyət göstərən 15 dairə seçki komissiyasının ekspert qrupunun üzvləri, MSK-nın və Avropa İttifaqının təmsilçiləri iştirak ediblər.



Tədbiri MSK Tofiq Həsənov açaraq seminarın dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatlarının artırılması, praktiki vərdişlərin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün onların fəaliyyətinin təkmilləşdirilməsinə nail olmaq məqsədi daşıdığını bildirib. MSK üzvü bu mövzuda seminarların artıq Bakı, Şirvan və Gəncə şəhərlərində uğurla başa çatdığını diqqətə çatdırıb.



Seminar zamanı beynəlxalq ekspertlər və MSK üzvləri tərəfindən vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılmasına dair müxtəlif mövzularda təqdimatlar aparılıb, əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.