"Eqoistəm" - Brilliant Dadaşova

11 Sentyabr 2015 16:41 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, müğənni musiqinin müasir halından gileylənib:


"Azərbaycan musiqisinin indiki halını görəndə o vaxtkı sənətkarlar üçün darıxıram. Akif İslamzadə, Rafiq Babayev niyə yoxdur? Nəyisə tarazlayardı, qaydaya salardılar. Mütləq sənətdə hər şeyi nizamlayardılar. Telekanalların yaradıcı heyəti ilə danışardılar. Estrada məktəbimiz yoxdur. Musiqiçilərin üstünə çox düşürəm. Çünki mahnıları özününküləşdirməyə can atırlar. İndi müğənnilər düzüb-qoşurlar ki, tələbolunan kimi görünsünlər. Heç vaxt belə etməmişəm. Çox sevinirəm ki, xalqın istəyini qazanmışam".


Müğənni sosial şəbəkədən də söz açıb:


"İnstaqramda bacardığım qədər insanlarla ünsiyyətdə oluram. Orada ciddi deyiləm, əylənməyə çalışıram. İzləyicilərimlə xoş anları bölüşürəm".


B.Dadaşova daha sonra "İnsanlarla münasibətdə eqoist deyiləm. Amma özüm haqqında elə düşünürəm ki, eqoistəm. Əslində hər kəsin içində bir az da olsa, eqoistlik var. Bu isə başqalarını tapdalamamaq şərtiylə olmalıdır" deyə əlavə edib.