“Xristian klubu” Azərbaycana qarşı yenə qərəzli mövqedən çıxış etdi

12 Sentyabr 2015 07:00 (UTC+04:00)

Məhşur məsələ var: öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır. Avropa İttifaqının, xüsusən də onun yaratdığı parlamentin mövcud durumunu yalnız bu rakursdan dəyərləndirmək mümkündür. Avropa Parlamentində Azərbaycan ilə bağlı qəbul edilmiş qərəzli qətnaməni isə deyilən fikrəi əyani misal kimi göstərmək olar.

Ümumiyyətlə, Avropa Parlamentinin rəhbərliyindən yer alan bəzi şəxslərin və burada təmsil olunan müəyyən deputatların Azərbaycana münasibəti hər zaman qərəzli xarakter daşıyıb. Onlar Azərbaycanda baş verən hansısa prosesə dərhal siyasi don geyindirməyə xüsusi diqqət yetiriblər. Bunun nəticəsidir ki, konkret cinayət törədənləri, vergidən yayınanları, narktotik aludəçilərinin həbsini Avropa Parlamentində siyasiləşdirənlərə rast gəlmək olur. Amma başqa ölkələrə münasibətdə fərqli mövqe sərgilənir. Elə Avropada miqrantlara qarşı qeyri-humanitar rəftara göstərilən reaksiya bunun konkret təsdiqidir.

Avropaya üz tutan miqrantların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır. Özü də həmin ölkələrdə belə vəziyyətin yraanmasının əsas səbəbkarlarından biri Avropanın özüdür.

İndi Avropaya gələn miqrantlar bəzən üzləşdikləri yeni şəraitdən də narazı qalırlar. Bir müddət əvvəl İtaliyanın maliyyə paytaxtı Milanda yüzlərlə miqrant yaşayış şəraitlərinin pis olmasına və iş axtarmalarına icazə verilməsi üçün uzun müddət gözləmələrinə etiraz olaraq aksiya keçiriblər. Onlar qeydiyyat və şəxsiyyəti təsdiq edən sənədlərin verilməsini də uzun müddət gözləmək məcburiyyətindədirlər. Ümumiyyətlə, son illərdə Avropada antimiqrant, ksenofob çağırışları edən sağçı partiyaların nüfuzunun artması da müşahidə olunur. Sağçı radikalların daha fəal olduğu Almaniyada miqrantlara sığınacaq üçün ayrılan bəzi binalar yandırılır. İqtisadi amillərlə yanaşı, miqrant axınının artması Avropada bir sıra mühafizəkar, sağçı qruplar, hətta yüksək vəzifəli rəsmi şəxslər tərəfindən "Qərb sivilizasiyasının sonu", "Avropa mədəniyyətinin tənəzzülü", "xristianlığa təhdid", bəzən hətta "ağ irqin yoxa çıxması" şəklində qiymətləndirilir. Bununla da ictimaiyyətdə miqrantlara, fərqli mədəniyyətlərin daşıyıcılarına, başqa irqlərə münasibətdə kütləvi qorxu və qəzəb hissi yaradılır. Britaniya xarici işlər naziri Filip Hammondun bu yaxınlarda səsləndirdiyi "milyonlarla talançı afrikalı miqrant Avropa İttifaqının yaşayış standartına və sosial quruluşuna təhlükə yaradır" fikrinə isə Avropa Parlamenti nədənsə hansısa reaksiya verir. Baş nazir Devid Kemeron da Hammondun mövqeyi ilə şərik olduğunu köməkçisi vasitəsilə cəmiyyətə bəyan edir. Amma insan hüquqlarına bu cür hörəmtsizliyə Avropa Parlamenti göz yumur. Yaxud da Azərbaycan ərazilərini hələ də işğal altında saxlayan Ermənistana, orada hakimiyyətin özbaşınalıqlarına Avropa Parlamenti sözün əsl mənasında göz yumur. Avropa İttifaqının, onun parlamentinin "xristian klubu" olduğuna, türk və İslam dünyasına kinli münasibət bəslədiyinə görə belə vəziyyətin yaranması haqda səslənən fikirlər isə əslində, tam reallığı əks etdirir. Görünür, bunun nəticəsidir ki, Avropa Parlamentinin b uilin aprelin 15-də Brüsseldə keçirilən plenar iclasında qondarma "erməni soyqırımı"nın 100 illiyinin Ümumavropa anımına dair qətnamə də qəbul etdi. Avropa Parlamenti məhz xristian təəssübkeşliyi ilə saxta "erməni soyqırımı"nı tanıdıqları halda 1992-ci ilin fevralında dünyanın gözü qarşısında törədilmiş Xocalı soyqırımına göz yumurlar. Halbuki ötən əsrin əvvəllərindən fərqli olaraq 90-cı illərdə azərbaycanlı əhalinin məhz milli-etnik zəmində ermənilərin soyqırımına məruz qalması konkret fakt və sənədlərdə təsdiqini tapır. Bax budur, Avropanın əsl siması, iç üzü.

Yuxarıda barəsində bəhs edilən qətnaməyə gəlincə, Azərbaycana qarşı məqsədyönlü şəkildə yürüdülən siyasi sifariş və ikili standartlardan qaynaqlanan bu sənəd Avropa Parlamenti daxilində Avropa İttifaqının özünün təməl maraqlarına zidd fəaliyyət göstərən qüvvələrin mövcudluğuna dəlalət edən məqam sayıla bilər. Belə ki, özlərini insan hüquqlarının və demokratiyanın carçısı kimi təqdim edən bu kimi dairələrin ən elementar hüquqlardan belə məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına bilərəkdən göz yummaları onların əsl niyyətindən və ikili standartlara xidmət etmələrindən xəbər verir. Düzdür, Azərbaycan Avropa İttifaqının üzvü deyil və buna görə də Avropa Parlamenti Azərbaycana heç bir göstəriş verə və ya başqa yol göstərə bilməz. Amma qurum hadisələrə heç olmasa, obyektiv münasibət də sərgiləmir.