Əməkdaşlığın yeni mərhələsi

8 Oktyabr 2012 20:01 (UTC+04:00)

Yarandığı gündən Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələri surətlə inkişaf etməkdədir. Bu dövrdə xarici ölkələrin bir çox qabaqcıl təhsil və elm mərkəzləri ilə əlaqələr qurulmuş, ali məktəb həyatının müxtəlif sahələrində əməkdaşlığa başlanılmışdır. Əməkdaşlıq universitetlər arasında bağlanılmış müqavilələr əsasında qurulur və müəllim-tələbə mübadiləsi, müştərək elmi araşdırmalar, müəllimlərin ixtisasartırması, informasiya və elmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə edir.

Dünyanın bir çox ölkələrinin nüfuzlu ali təhsil ocaqları ilə sıx əlaqə saxlayan Bakı Slavyan Universiteti öz əhatə dairəsini getdikcə genişləndirir.

6 oktyabr tarixində Rusiyanın ilk prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin rektoru Viktor Anatoliyeviç Kokşarov BSU-nun qonağı olmuşdur. Qonağı Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki baş konsulu S.M.Qasımov müşayiət edirdi. Universitetin müəllim və tələbə heyəti ilə görüşdə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayev qonağı səmimi salamladıqdan sonra BSU-nun yaranma tarixi, universitetin fakültələri, strukturu, onun zəngin elmi və tələbə həyatı, çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verdi, BSU-nun kollektivi ilə görüşə gəldiyinə görə qonağa dərin təşəkkürünü bildirərək qeyd etdi: "Bizim kollektiv Yekaterinburq Universiteti haqqında kifayət qədər yaxşı məlumatlıdır. Bizi sıx dostluq və əkəkdaşlıq əlaqələri birləşdirir. Diqqətinizə çatdırım ki, bizim tələbə və müəllimlər Azərbaycanda yaşayan, rus dilinin, mədəniyyətinin və mənəviyyatının daşıyıcıları olan rus kəndləri sakinləri ilə daimi əlaqədə olur, onlarla görüşür, təcrübələrdə olur və folklor nümunələri toplayırlar". Rektor K.Abdullayev bildirdi ki, bu gün imzalanacaq əməkdaşlıq müqaviləsində həmin təcrübələrdə toplanmış folklor nümunələrinin ortaq araşdırılması da nəzərdə tutulmuşdur. Ural Federal Universitetinin filologiya elmi sahəsində böyük potensiala və dərin inkişafa malik olduğunu nəzərə alaraq, folklor yaradıcılığı sahəsində birgə araşdırmalar aparmaq üçün məhz həmin universitetlə əməkdaşlıq etməyə çox şad olduğunu bildirən prof. K. Abdullayev daha bir vacib məqamı da vurğuladı: "Biz "Elmi əsərlər"in birgə buraxılışı layihəsi üzərində işləyirik və mən inanıram ki, yaxınlarda ilk nəşri elmi ictimaiyyətə həm Azərbaycanda, həm də Rusiyada təqdim edəcəyik". Prof. K.Abdullayev öz çıxışında onu da vurğuladı ki, Ural Federal Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması barədə razılıq əldə edilib.

Ural Federal Universitetinin rektoru V.A.Kokşarov BSU-ya dəvət olunduğuna görə təşəkkür etdi. Son illərdə Azərbaycanın, Bakının, o cümlədən BSU-nun hər sahədə yüksək inkişafına heyran olduğunu bildirən V.A.Kokşarov Ural Federal Universitetinin yaranma tarixi haqqında ətrafı məlumat verdi. Qeyd etdi ki, Ural Federal Universiteti Ural Federal İqtisadi rayonu üçün kadr hazırlayan və 50 mindən çox tələbəsi olan ali təhsil ocağıdır. Burada 80 ixtisas üzrə 10 min müəllim fəaliyyət göstərir və bu universitet Rusiyanın 10 qabaqcıl ali məktəbləri siyahısına daxildir. V.A.Koşkarov BSU ilə əməkdaşlığa hazır olduğunu vurğuladı və bunun üçün əlindən gələni edəcəyini bildirdi.

Sonra BSU ilə Ural Federal Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Bu müqaviləyə əsasən iki universitet arasınada tələbə-müəllim mübadiləsi, müştərək elmi konfransların, seminarların təşkil olunması, birgə elmi-metodik vəsaitlərin hazırlanması barədə razılaşma əldə edildi. Müqavilədə azərbaycanşünaslığın xaricdə təbliği məqsədilə BSU tərəfindən Ural Federal Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması da nəzərdə tutulmuşdur.

Sonda tələbələr qonaqla xatirə şəkli çəkdirdilər.