Azər Paşa Nemət: “Yararsız tamaşaları repertuardan çıxaracağıq”

11 Sentyabr 2015 18:11 (UTC+04:00)

"Teatrda intizam olanda iş normal axarda davam edir. Dünyanın elə bir teatrı yoxdur ki, orda nizam-intizam olmasın. Bundan sonra da çalışacağıq ki, Akademik Milli Dram Teatrında intizam məsələlərinə ciddi baxaq".


Movqe.az-ın məlumatına görə, bunu Akademik Milli Dram Teatrında keçirilən mətbuat konfransında teatrın baş rejissoru Azər Paşa Nemət deyib.


Baş rejissor qeyd edib ki, teatrda yaradıcı atmosferin inkişaf etdirilməsinə çalışacaq: "Çalışacağam ki, aktyor heyətinin potensialını qaldırım. Əvvəllər tək öz tamaşalarıma cavabdeh idimsə, bundan sonra bütün tamaşalara cavabdeh olacağam. Bu teatrda yararlı tamaşalar da var, yararsız tamaşalar da. Yararsız tamaşaları repertuardan çıxaracağıq. o da ola bilər ki, vaxtilə oynanılan yaxşı tamaşaları bərpa edək. Məsələn, mənim "Hamlet" tamaşam repertuardan çıxarılıb. Elə tamaşa tarixdə olmayıb. Başa düşmürəm ki, onu niyə indi oynamırlar?".


Azər Paşa Nemət əlavə edib ki, teatrın aktyor heyətinin əksər üzvü ilə görüş keçirib: "İstəyirəm ki, aktyorlar öz dərd-sərini rahat şəkildə mənə deyə bilsinlər. 50-ə yaxın aktyorla görüşmüşəm, qalanları ilə də görüş davam edəcək. Nə çətinlikləri, problemləri olacaqsa, bir yerdə həll etməyə çalışacağıq".