Azərbaycan jurnalistlərinin İranın Zəncan əyalətinə səfəri başlayıb

11 Sentyabr 2015 22:07 (UTC+04:00)

Bu gün Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyətinin İranın Zəncan əyalətinə səfəri başlayıb.

İranın Azərbaycandakı səfirliyindən Movqe.az-a verilən məlumata görə, heyətə AzərTAc, "APA TV", "Turan", "Avrasya", "Xəbər Servis" və "Novosti Azərbaycan" xəbər agentliklərinin, habelə "Modern.az" xəbər portalı və "Həftə içi" qəzetinin əməkdaşları daxildir.

Səfərin məqsədi Azərbaycanın media işçiləri, eləcə də Azərbaycan xalqının İranın iqtisadi, mədəni və turizm potensialı ilə yaxından tanış olması və bu barədə ölkənin kütləvi informasiya vasitələri üçün müəyyən reportaj və xəbərlər hazırlamasına şərait yaratmaqdır.

"Zəncan əyaləti mədəni, iqtisadi və xalq arasında mövcud olan qarşılıqlı əlaqələr baxımından münasib potensiala malik olan bir əyalətdir. Bu baxımdan azərbaycanlı media işçilərinin bu əyalətə səfəri İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi, mədəni, ticarət və turizm sahəsində əlaqələrin inkişafı, həmçinin Zəncan əhalisi ilə Azərbaycan xalqı arasında qarşılıqlı əlaqələrə töhfə verə bilməsi üçün çox gözəl bir fürsət yaradıb",- deyə səfirlikdən bildirilib.