Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 18-də açacaq

12 Sentyabr 2015 11:20 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 143-cü teatr mövsümünü sentyabrın 18-də İ.Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında, Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanmış "Qarabağnamə" tamaşası ilə açacaq.


Teatrdan Movqe.az-a verilən məlumata görə, yeni mövsümdə bir sıra yeni tamaşaların hazırlanması, eləcə də teatrın beynəlxalq festivallarda, xarici qastrol səfərlərində iştirakı gözlənilir.

Oktyabrın 3-də Böyük Britaniyanın məşhur "Qlobus" teatrı "Hamlet" tamaşası ilə Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək. "Şekspirin evi" adlandırılan "Qlobus" teatrı U.Şekspirin 450 illik yubileyi münasibətilə həyata keçirdiyi turne marşrutunda Qafqaz regionu üzrə ilk dayanacaq kimi məhz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrını seçib.

Cari mövsümdə ötən mövsümlərdə başlanmış "Məktəb və teatr" layihəsi də davam etdiriləcək. "Məktəb və teatr" layihəsi məktəblilərin teatra cəlb olunmasını, məktəblərdə teatr sənətinin təbliğini, həmçinin məktəblərdə dram, qiraət dərnəklərinin təşkilini nəzərdə tutur.

19-26 noyabrda Belarusun paytaxtı Minskdə Gənclərin II Beynəlxalq Teatr Forumu keçiriləcək.Forumda Akademik Milli Dram Teatrı "İlahi oyun" tamaşası ilə çıxış iştirak edəcək. Gənc rejissor Mikayıl Mikayılovun "Kitabi Dədə Qorqud" eposunun "Dirsə xan oğlu Buğac" boyu əsasında hazırlanan tamaşada Əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edirlər. Forum çərçivəsində 13 ölkədən gəlmiş gənc teatrşünaslar, dramaturqlar, rəssamlar və rejissorların iştirakı ilə dəyirmi masalar, ustad dərsləri, seminarlar keçiriləcək.