Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 137 atəş zərbəsi endirilib

12 Sentyabr 2015 16:00 (UTC+04:00)

Ermənistan ordusu sutka ərzində atəşkəsi pozmağa davam edib


Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 70 dəfə pozub.


Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Ermənistan ordusu bu ölkənin İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərini atəşə tutub.



İşğalçılar Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Çaylı, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Kəngərli, Yusifcanlı, Şıxlar, Mərzili, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqelərini atəşə məruz qoyublar.


Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 137 atəş zərbəsi endirib.