Balakəndə ağır yol qəzası baş verib, 4 nəfər yaralanıb

12 Sentyabr 2015 17:20 (UTC+04:00)

Balakəndə ağır yol qəzası baş verib.


Movqe.az-ın məlumatına görə, hadisə sentyabrın 11-də saat 23:30 radələrində Qazma yolunda qeydə alınıb.


Rayonun Gərəkli kənd sakini, 1985-ci il təvəllüdlü Şahin Zahid oğlu Bodurovun idarə etdiyi "VAZ 21013" markalı 08 BB 446 dövlət nömrə nişanlı minik avtomobili ilə rayonun Qullar kənd sakini, 1980-cı il təvəllüdlü Vüqar Abbas oğlu Rüstəmovun idarə etdiyi "VAZ 21074" markalı minik avtomobili toqquşub.


Qəza nəticəsində VAZ 21013-ün sürücüsü Şahin Bodurov, onun bacanağı, rayonun Qazma kənd sakini, 1988-ci il təvəllüdlü Teyman Elşən oğlu Əlimərdanov, VAZ 21074-ün sürücüsü Vüqar Rüstəmov və onun sərnişini Balakən şəhər sakini, 1981-ci il təvəllüdlü Hidayət Yusif oğlu Yusifov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.


Balakən RMX-dan verilən məlumata görə, Şahin Bodurov və Teyman Əlimərdanov xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, onların vəziyyətləri orta-ağır qiymətləndirilir. V. Rüstəmova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. H. Yusifovun xəsarəti yüngül olduğundan ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.


Qeyd edək ki, qəzaya düşən VAZ 21074 markalı avtomobilin sürücüsü V. Rüstəmov və sərnişini H. Yusifov Balakən rayon Polis Şöbəsinin əməkdaşlarıdır.


Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.