Azərbaycanda güclü zəlzələlərin baş verməsi ehtimalı böyükdür

9 Oktyabr 2012 08:36 (UTC+04:00)

Azərbaycan seysmoaktiv bölgədə yerləşdiyindən burada güclü zəlzələlər baş verir. Bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri Tahir Məmmədli jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanda ildə 1000-ə yaxın zəlzələ qeydə alınır və onların içərisində bəzən hiss olunan güclü zəlzələlər də olmalıdır. "Bu seysmoaktiv bölgəyə xas olan bir haldır. Burada qeyri-adi heç nə yoxdur. Amma Azərbaycanda güclü zəlzələnin baş verməsi ehtimalı böyükdür. Vaxtını isə heç kim, o cümlədən biz də deyə bilmərik. Ümumiyyətlə, dünyada heç kim zəlzələnin vaxtını əvvəldən deyə bilməz", – deyə T.Məmmədli bildirib.

Şöbə müdiri Şamaxı, İsmayıllı, Zaqatala, Lənkəran, Xəzər dənizi və digər bölgələrdə güclü zəlzələlərin başvermə ehtimalının olduğunu söyləyib: "Həmin ərazilərdə bundan öncə də baş verib və gələcəkdə də güclü zəlzələlər olacaq".