Vergilər Nazirliyi hüquq xidmətləri göstərən şəxslərin fəaliyyətini yoxlamağa başlayıb

14 Sentyabr 2015 12:40 (UTC+04:00)

Yoxlamalar notarius, vəkillik və auditor fəaliyyəti istisna olunmaqla, hüquqi xidmət göstərən digər şəxslərin fəaliyyətinə aiddir


.Vergilər Nazirliyi notarius, vəkillik və auditor fəaliyyəti istisna olunmaqla, hüquqi xidmət göstərən digər şəxslərin - hüququn ayrı-ayrı sahələri üzrə hüquq xidmətləri göstərən fiziki və ya hüquqi şəxslərin fəaliyyətini yoxlamağa başlayıb.


Nazirliyin Analitik-informasiya şöbəsindən Movqe.az-a verilən məlumata görə, yoxlamalar hüquqi xidmət göstərən digər şəxslərin "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9-12-ci maddələrinin tələblərinə əməl edilməsi vəziyyətinin araşdırılması məqsədilə aparılır.


Nazirlikdən bildiriblər ki, sözügedən qanunun 10.2-ci maddəsinə əsasən hüquqi xidmət göstərən digər şəxslər tərəfindən müştərinin, benefisiarın və ya səlahiyyətli nümayəndənin eyniləşdirmə sənədləri və müştəri tərəfindən həyata keçirilmiş pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlər (hesabdan çıxarışlar, əməliyyatların aparılması üçün əsas və s.) müvafiq sorğu əsasında maliyyə monitorinqi orqanına və ya Vergilər Nazirliyinə təqdim edilməlidir.


"Sənədlərin tələb olunmasına gəldikdə, bildiririk ki, hüquqi xidmət göstərən digər şəxslər tərəfindən vergi qanunvericiliyinə əməl edilməsinin düzgünlüyünü yoxlamaq üçün lazım olan sənədlərlə yanaşı, aşağıdakı əməliyyatları olarsa, bu əməliyyatlarla bağlı müştərilərin eyniləşdirilmə və verifikasiyasına dair digər sənədləri də tələb olunur", - deyə məlumatda vurğulanıb.


Qeyd edək ki, hüququn ayrı-ayrı sahələri üzrə hüquq xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər Vergilər Nazirliyinə aşağıdakı sənədləri də təqdim etməlidir:


- daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar əməliyyatlar;


- müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması ilə əlaqədar əməliyyatlar;


- müştərinin bank və ya qiymətli kağız hesablarının idarə olunması ilə əlaqədar əməliyyatlar;


- hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkil edilməsi, habelə hüquqi şəxslərin alqı-satqısı ilə əlaqədar əməliyyatlar.


Nazirlikdən bildiriblər ki, yoxlamanın nəticəsi olaraq akt tərtib edilir. Qanun pozuntusu aşkar olunarsa, inzibati xəta haqqında protokol tərtib edilir.


Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 348-3.0.6-cı maddəsinə əsasən hüquqi xidmət göstərən digər şəxslər tərəfindən Vergilər Nazirliyinin fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə, yanlış məlumatların verilməsinə görə vəzifəli şəxslər 800 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 8000 manatdan 15000 manatadək miqdarda cərimə olunur.


Hüquqi xidmət göstərən digər şəxslərə münasibətdə yoxlama nəticəsində qanun pozuntusu aşkar edilərsə, vergi orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 348-3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilir və baxılması üçün rayon (şəhər) məhkəmələrinə göndərilir.


Xatırladaq ki, 2014-cü ilin dekabr ayında Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 46-cı iclası keçirilib. Həmin iclasda Azərbaycan Respublikasının pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində IV raund qiymətləndirmə hesabatı təsdiq edilib. Hesabatda nəzarət orqanlarının keçirdiyi tədbirlərin qənaətbəxş olmaması və monitorinq iştirakçılarına səmərəli və çəkindirici sanksiyaların tətbiq olunmaması öz əksini tapıb, ölkəmizin PL/TMM sisteminin daha da təkmilləşdirilməsi məqsədilə bir sıra tövsiyələr verilib.


"Məlum olduğu kimi, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" 10 fevral 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən, monitorinqdə iştirak edən digər şəxslər dedikdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədi ilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən vəkillər, notariuslar, hüquqi xidmət göstərən digər şəxslər və ya auditor xidməti göstərən şəxslər nəzərdə tutulur.


Qanunun 1.0.9-cu maddəsinə əsasən, nəzarət orqanları dedikdə, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən bu Qanunun 9-12-ci maddələrinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur.


Həmin Qanunun 6.1.6-cı maddəsinə əsasən, notariuslar və hüquqi xidmət göstərən digər şəxslər üçün nəzarət orqanı müvafiq icra hakimiyyəti orqanı, 6.1.7-ci maddəsinə əsasən, vəkillər üçün nəzarət orqanı öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, 6.1.8-ci maddəsinə əsasən, auditor xidməti göstərən şəxslər üçün nəzarət orqanı isə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Auditorlar Palatası müəyyən edilmişdir", - deyə məlumatda vurğulanıb.


Qeyd edək ki, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2009-cu il tarixli 66 nömrəli Fərmanının 4.7-ci bəndinə əsasən, Qanunun 6.1.6-cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini notariuslara münasibətdə Ədliyyə Nazirliyi, hüquqi xidmət göstərən digər şəxslərə münasibətdə isəVergilər Nazirliyi həyata keçirir.