Nazir müavini: “Bakı məktəblərində müəllimlərin əməkhaqqı 35 faiz artıb”

14 Sentyabr 2015 12:45 (UTC+04:00)

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan müəllimlərin əməkhaqqı orta hesabla 35 faiz artıb. 7760 müəllimin əməkhaqqı 500-1000 manat, 466 müəllimin əmək haqqı isə 1000 manatdan yuxarıdır".


Movqe.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin "Sentyabr konfransı"nda çıxış edərkən deyib. O bildirib ki, Bakı müəllimlərinin orta aylıq əməkhaqqı ilə ölkə üzrə orta aylıq əməkhaqqı arasındakı uyğunsuzluq aradan qaldırılıb: "Hazırda bu fərq 6 faiz təşkil edir".


C. Bayramovun sözlərinə görə, ilboyu keçirilən təlimlərin qiymətləndirilməsi nəticəsində 2200 nəfər arasından 853 nəfər ibtidai sinif müəllimi "Promethean" lövhəsi, 1546 nəfər isə kompüterlə mükafatlandırılıb.