Bakı Ali Neft Məktəbində yeni tədris ilinin başlaması ilə əlaqədar tədbir keçirilib

14 Sentyabr 2015 13:10 (UTC+04:00)

Bakı Ali Neft Məktəbində (BANM) yeni tədris ilinin başlaması münasibəti ilə tədbir keçirilib.


Movqe.az-ın  məlumatına görə, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, ali məktəbin professor-müəllim heyəti və tələbələr iştirak edib.

BANM-ın rektoru Elmar Qasımov bildirib ki, TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Ali Məktəb üzrə ümumi minimal bal 659, ümumi orta bal 676 bal olub. Rektor əlavə edib ki, I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olunub.

SOCAR-ın prezidenti R. Abdullayev Bakı Ali Neft Məktəbinin qısa müddətdə infrastrukturunun yaradılması, kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görüldüyünü və bunun nəticəsində yüksək nailiyyətlər əldə etdiyini bildirib. R. Abdullayev əlavə edib ki, Ali Neft Məktəbinin binası ilin sonunda istifadəyə veriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri M. Abbaszadə qeyd edib ki, rəhbərlik etdiyi qurumun məqsədi hər bir şagirdin öz biliyinə uyğun nəticə əldə etməsidir. Komissiya sədrinin sözlərinə görə, bu il 30 mindən çox gənc texniki ixtisası seçib. I qrupda 690 bal və ondan çox nəticə göstərən şagirdlər prezident təqaüdünə təqdim edilib.

M. Abbaszadə əlavə edib ki, TQDK il ərzində 400 mindən çox abituriyenti imtahandan keçirib, üç milyondan çox vətəndaşa elektron xidmət göstərilib.

BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell, BANM-in "Kimya mühəndisliyi" kafedrasının baş müəllimi Sənan Eminov və başqaları ali məktəbin nüfuzundan, əldə olunan nəticələrdən danışıblar.

Tədbirin sonunda tələbələrə tələbə vəsiqəsi və hədiyyələr təqdim olunub.