Nazir müavini: "Müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqə nəticəsində 427 nəfər işə qəbul edilib"

14 Sentyabr 2015 13:20 (UTC+04:00)

"Hesabat dövründə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı keçirdiyi müsabiqəyə ümumilikdə 644 vakant yer çıxarılıb".


Movqe.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin "Sentyabr konfransı" zamanı deyib.


C. Bayramov bildirib ki, vakant yerlərin 375-i ibtidai sinif müəllimi ixtisası üzrə olub: " Təhsil Nazirliyinin keçirdiyi yerdəyişmə müsabiqəsi nəticəsində digər rayonlar, şəhərlər üzrə 51 nəfər müəllimin iş yeri Bakı şəhərinə dəyişdirilib. Müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqənin I, II və III turları nəticəsində 427 nəfər müəllim işə qəbul edilib".


Nazir müavininin sözlərinə görə, məktəbdənkənar təhsil müəssisələrində 2 862 dərnəkdə 34 776 uşaq məşğul olub: "Məktəblilərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq mərkəzləri və idman məktəblərində dərnək, klub və studiyalara cəlb edilməsi həyata keçirilib".


C. Bayramov qeyd edib ki, "Dahi şəxsiyyət barədə dərslər" layihəsi üzrə 2014 - 2015-ci tədris ilinin noyabr-may ayları ərzində Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi məqsədi ilə lektoriyalar təşkil edilib. Onun sözlərinə görə, mühazirə-dərslərdə Bakıda fəaliyyət göstərən 470 ümumtəhsil məktəbinin 22 453 XI sinif şagirdi iştirak edib".