Ceyhun Bayramov: “Son iki ildə müsabiqə yolu ilə 79 nəfər yeni direktor müavini təyin edilib”

14 Sentyabr 2015 13:25 (UTC+04:00)

""Bu günün və sabahın direktorları" layihəsi çərçivəsində 2014-cü ildə 15 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyinat alıb".

Movqe.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin "Sentyabr konfransı"nda çıxışında deyib. O bildirib ki, 2015-ci tədris ilində təlimlərdə 162 nəfər iştirak edib və çoxmərhələli seçim əsasında 24 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyinat alıb: "Son iki ildə müsabiqə yolu ilə 79 nəfər yeni direktor müavini təyin edilib".

Nazir müavini elektron informasiya sisteminə əmək müqavilələrinin bağlanmasına dair 39775 ədəd bildiriş daxil edildiyini söyləyib: "46 min 105 nəfər təhsil işçisinin elektron kadr uçotu yenidən aparılıb və bununla da tam şəffaf bir məlumat bazası yaradılıb. Təhsil alan 300 mindən artıq şagird elektron üsulla proqrama daxil edilib, sağlamlıq imkanları məhdud 4276 nəfər uşağın elektron uçotu aparılıb".

C. Bayramov qeyd edib ki, BŞTİ‐yə tabe olan 319 təhsil müəssisəsinin saytı fəaliyyət göstərir: "87 məktəbdə 3006 uşaq məktəbə hazırlıq kurslarını uğurla bitirib".