Azərbaycan Silahlı Qüvvələrinin Komanda Qərargah Hərbi Oyunları başa çatıb

14 Sentyabr 2015 13:35 (UTC+04:00)

Müdafiə naziri şəxsi heyətin döyüş qabiliyyətini və peşəkarlığını yüksək qiymətləndirib


Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, eləcə də irimiqyaslı təlimlərə cəlb olunan məsul zabitlərin iştirakı ilə Komanda Qərargah Hərbi Oyunlarının yekunlarına dair müşavirə keçirilib.


Movqe.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə naziri praktiki atışlarla icra olunan irimiqyaslı təlimlərin nəticələrini təhlil edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən Komanda Qərargah Hərbi Oyunlarında qarşıya qoyulan məqsəd və vəzifələr məharətlə yerinə yetirilib.


Nazir bütün qoşun növ və qismləri, xüsusi təyinatlılar, təminat vasitələri tərəfindən döyüş şəraitinə maksimal uyğunlaşdırılmış vəziyyətdə imkanlarını praktiki olaraq tətbiq edərək təlim-döyüş tapşırıqlarının tələb olunan səviyyədə icra olunduğunu qeyd edib, həmçinin döyüş atışlarının icrası, manevrlərin həyata keçirilməsi zamanı komandirlərin və şəxsi heyətin təşəbbüskarlığını yüksək qiymətləndirib.


Müdafiə naziri düşmənlə çətin radioelektron mübarizə şəraitində, qarşılıqlı əlaqəli fəaliyyətin təşkilinə və bölmələrin dəqiq idarə edilməsinə xüsusi diqqət yönəldilməsini və gələcəkdə də bu istiqamətdə səmərəli tədbirlərin görülməsini tələb edib.


Eyni zamanda nazir hərbi əməliyyatlar zamanı mülki əhalinin, hərbi və mülki obyektlərin, təsərrüfat sahələrinin, kommunikasiyaların və digər həyati əhəmiyyətli sahələrin mühafizəsində, həmçinin səfərbərlik ehtiyatlarının vaxtında toplanmasında, qəbulunda yerli icra orqanları ilə qarşılıqlı əlaqələrin daha sıx olmasının vacibliyini də diqqətə çatdırıb.


Şəxsi heyətin döyüşə hazırolma və döyüş qabiliyyətini, peşəkarlığını yüksək qiymətləndirən müdafiə naziri belə təlimlərin keçirilməsinin əhəmiyyətini bir daha diqqətə çatdıraraq komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.