Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub

14 Sentyabr 2015 13:50 (UTC+04:00)

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub.


Movqe.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsindən bildirilib ki, Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 9-da gecə saatlarında 7-ci mikrorayonda 1964-cü il təvəllüdlü Ceyhun Məmmədova məxsus qarajdan, qapını sındırmaqla velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Niyaməddin Nəcəfov və Tovuz rayon sakini, 1999-cu il təvəllüdlü Orxan Əliyev tutulub. Şübhəli şəxslər ətrafında keçirilən ilkin araşdırmalar zamanı müəyyən olunub ki, onlar ötən ay Ramazan Quluzadənin də velosipedini oğurlayıblar.

Daha bir oğurluq hadisəsi Qaradağ rayonunda qeydə alınıb. Qaradağ rayon Polis İdarəsi Cinayət – Axtarış Şöbəsi və 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 10-da saat 16.00 radələrində Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Beyləqan rayon sakini 1994-cü il təvəllüdlü Ayət Elyaslıya məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Tural Səmədzadə tutulub.

Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avqustun 25-də M.Kazımovski küçəsində 1949-cu il təvəllüdlü Həqiqət Qasımovanın mənzilindən 1560 manat və təqaüd kartı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunan Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rüfət Xudayarov tutulub.

Xəzər rayon Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 8-də gecə saatlarında Zirə qəsəbəsi Sərdarov küçəsində Eldar Ağayevin evindən, pəncərəni açmaqla 425 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Asim Məmmədov tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.