Azərbaycan səfiri Pakistanda Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb
9 Oktyabr 2012 13:22 (UTC+04:00)
Azərbaycanın
Pakistandakı səfiri Daşgın Şikarov Pakistan İslam Respublikasının
yeni təyin olunmuş hərbi hava qüvvələri komandanı, aviasiya marşalı
Tahir Rafik Butt ilə görüşüb.
Səfirlikdən APA-ya verilən
məlumata görə, vəzifəyə təyin olması münasibətilə marşalı təbrik
edən səfir, ona şərəfli xidmətində müvəffəqiyyətlər arzu edib.
Görüş zamanı iki ölkə arasında mövcud olan dostluq
münasibətlərindən, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan
ikinci ölkə olmasından, Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ
münaqişəsindən söz açılıb. Diplomat bütün bu və digər məsələlərin
həllində Pakistanın ölkəmizi dəstəklədiyini qeyd edib və Azərbaycan
xalqının da daim Pakistanla birlikdə olduğunu bildirib. D. Şikarov
Pakistan senatı tərəfindən Xocalı soyqırımını tanıyan və
Azərbaycanın ərazi bütövlüyünü dəstələyən qətnamənin qəbul
edilməsinin Azərbaycan xalqı və rəhbərliyi tərəfindən yüksək
qiymətləndirildiyini vurğulayıb.
Görüş zamanı Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın
aspektləri müzakirə edilib.
Aviasiya marşalı Tahir Rafik Butt, 2009-cu ildə Azərbaycana rəsmi
səfərinin təəssüratlarından danışıb, Azərbaycanda gedən islahatlar
və ordu quruculuğu sahəsində əldə edilən uğurlardan qürur duyduğunu
ifadə edib.
Pakistan Hərbi Hava Qüvvələrinin komandanı ölkəsinin Azərbaycanı
Dağlığ-Qarabağ məsələsində birmənalı şəkildə dəstəklədiyini,
işğalçı siyasətinə görə Ermənistanla nəinki diplomatik münasibətlər
qurmadığını, hətta onu bir ölkə kimi tanımadığını vurğulayıb.
Komandan bu dəstəyin Azərbaycanın zəbt olunmuş torpaqlarının tam
azad olunacağına qədər davam edəcəyini diqqətə çatdırıb.
Pakistan müdafiə sənayesi müəssisələrində istehsal olunan silah və
texnikadan bəhs edən marşal, onların cari ilin 7-11 noyabr
tarixlərində Pakistanın Karaçi şəhərində keçirilməsi nəzərdə
tutulan "İDEAS-2012" hərbi sənaye məhsulları sərgisində nümayiş
olunacağını qeyd edib.