Ceyhun Bayramov: “Bakıda meqapolisin inkişaf istiqamətlərinin məktəb şəbəkəsinin imkanları ilə üst-üstə düşməməsi müşahidə edilir”

14 Sentyabr 2015 16:05 (UTC+04:00)

"Son illərdə ölkədə baş verən müsbət demoqrafik dəyişikliklər nəticəsində şagirdlərin sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Bununla yanaşı, Bakıda meqapolisin inkişaf istiqamətlərinin bir sıra hallarda mövcud məktəb şəbəkəsinin imkanları ilə üst-üstə düşməməsi halları da müşahidə edilir".


Movqe.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin "Sentyabr konfransı" zamanı deyib.


C. Bayramov bildirib ki, şəhərin müxtəlif yaşayış massivlərində qeyri-bərabər məskunlaşma nəticəsində Binə, Binəqədi və Sulutəpə kimi qəsəbələrdə şəbəkədə həddən artıq sıxlıq yaranıb: "Bu il elektron vasitələrlə I sinfə qəbul prosesi Bakıda problemli ərazilərin müəyyənləşdirilməsinə imkan yaratdı. Təhlil göstərir ki, məktəbə qəbulla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinə müraciətlərin böyük əksəriyyəti məhz həmin ərazilərlə bağlıdır. Yaxın günlərdə məktəbə qəbul kampaniyası başa çatdıqda, bu istiqamətdə müvafiq təkliflər təqdim ediləcək".


Nazir müavini qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi hazırda mövcud məktəb şəbəkəsinin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir: "Bu günlərdə 133 saylı məktəb "Elitar" Gimnaziya, 150 saylı məktəb isə 6 saylı məktəb-liseylə birləşdirilib, 28 saylı məktəbin şagird-müəllim kontingenti 44 nömrəli məktəbə köçürülüb. Düşünürəm ki, şəbəkənin rasionallaşdırılması işi qarşıdakı illərdə də davam etdirilməlidir".