Mikayıl Cabbarov: “Dərsliklə bağlı vəziyyət bizi qane edə bilməz”

14 Sentyabr 2015 15:25 (UTC+04:00)

"Dərsliklə bağlı irəliləyiş olsa da, indiki vəziyyət bizi qane edə bilməz".


Movqe.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, iki il öncə Azərbaycanda ilk dəfə olaraq bir il qabağa praktikası başlayıb: "Əsas məqsəd ondan ibarət idi ki, pilot məktəblərdə, valideynlərdə dərslikləri sınaqdan keçirək. Bu işi hələ də başa çatdırmamışıq. Müvafiq şöbəmiz, Təhsil Problemləri İnstitutu bu işdə daha fəal olmalıdır".


Nazir bildirib ki, hazırda ölkə şagirdlərinin biliyinin qiymətləndirilməsi yalnız icbari təhsil müddəti başa çatdıqdan sonra həyata keçirilir: "IX sinif məzunları buraxılış imtahanı verirlər. Lakin təhsil işçiləri razılaşa bilərlər ki, eyni bilgi 6-cı sinfi, yaxud ibtidai sinfi bitirən şagirdlər üçün olsaydı, bu, bizə təhsil prosesində, metodikasında müşahidə etdiyimiz boşluqları özümüz üçün daha tez müəyyənləşdirməyə daha çox imkan verər və lazım olan müdaxilələri məhz onların təhsil müddətində edərdik".


M. Cabbarov Təhsil Nazirliyinin müvafiq şöbələrinin bununla bağlı layihə hazırlayıb təqdim etməli olduğunu da qeyd edib.