Mikayıl Cabbarov: Buraxılış imtahanlarının məzmunu əhəmiyyətli dərəcədə dəyişdiriləcək

14 Sentyabr 2015 15:27 (UTC+04:00)

Azərbaycanda buraxılış imtahanlarının məzmunu əhəmiyyətli dərəcədə dəyişdiriləcək. Movqe.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.


Nazir qeyd edib ki, yeni tədris proqramları ilə təhsil alan şagirdlər yeni tədris ilində ilk məzunlar olacaqlar: "Bu şagirdlər artıq 8-ci sinfə qədəm qoyacaqlar. Növbəti tədris ilinin sonunda biz yeni çağırışla rastlaşacağıq. Düşünürəm ki, həm şagirdlər, həm də valideynlər buna hazır olmalıdırlar. Biz metodikada və məzmunda artıq yeni bacarıqları tələb edirik. Bu da o deməkdir ki, buraxılış imtahanlarının məzmunu əhəmiyyətli dərəcədə dəyişdiriləcək".


M.Cabbarov əlavə edib ki, bu, bütün təhsil sisteminə böyük təsir edən bir prosesdir: "Düşünürəm ki, bu tədris ili ərzində biz bunu - imtahanın məzmunu, çətinliyi, imtahanda tətbiq olunan qiymətləndirməni mütləq şəkildə prioritetləşdirməliyik".