Rövnəq Abdullayev: "Benzinin ucuzlaşması və ya bahalaşması məsələsi gündəmdə deyil" - VİDEO

14 Sentyabr 2015 16:25 (UTC+04:00)

"Dünya bazarında neftin qiymətinin Azərbaycandakı benzinin qiymətinə heç bir təsiri yoxdur"


"Benzinin ucuzlaşması və ya bahalaşması məsələsi gündəmdə deyil".

Movqe.az-ın məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

"Azərbaycanda benzinin qiyməti neftin 60-62 dollar qiyməti əsasında hesablanıb. Mən əvvəl də demişəm, indi də deyirəm ki, neftin qiymətinin Azərbaycandakı benzinin qiymətinə heç bir təsiri yoxdur. Bunlar bir-birinə bağlı deyil. Bu qiymətləri Tarif Şurası tənzimləyir. Bir daha deyirəm ki, dünya bazarında neftin qiymətinin düşməsi benzinin qiyməti ilə heç bir bağlılığı yoxdur", - deyə R. Abdullayev bildirib.

SOCAR prezidenti deyib ki, ölkəyə xaricdən gətirilən Aİ-95 və Aİ-98 markalı benzinin həcmi olduqca azdır. "Bu rəqəm o qədər azdır ki, 7 ay bundan öncə ölkəyə gətirilən 25 min ton Aİ-95 markalı benzin indiyə qədər satılmayıb. Aİ-95 markalı benzini biz özümüz istehsal edəndə ildə 150 min ton benzin satırdıq. Biz bu növ yanacağın istehsalını saxlayıb xaricdən gətirməyə başlayanda, hər kəs Aİ-92 benzinini istifadə etməyə başladı. Bu gün Aİ-95 markalı benzinin istifadəsi ildə 25 min ton səviyyəsinə gəlib çıxıb. Bu yanacağın istehlakı 4 dəfə azalıb və bu onu göstərir ki, insanlar artıq Aİ-95 benzinin istehlak etmirlər", - deyə o qeyd edib.

R. Abdullayev gələcəkdə Aİ-95 və Aİ-98 benzinin qiymətinin dəyişəcəyini istisna etməyib: "Aİ-95 və Aİ-98 benzinin qiymətində dəyişmə ola bilər. Tələbat artdıqca, qiymət aşağı düşəcək. Bu, açıq bazardır və burada rəqabət var".