Dekabrda Azərbaycanda mobil cihazların qeydiyyat mərkəzi işə başlayacaq

9 Oktyabr 2012 16:06 (UTC+04:00)
Azərbaycan Nazirlər Kabinetinin "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq ölkə ərazisində mobil cihazların qeydiyyat mərkəzi yaradılır.

"APA-ECONOMICS"in məlumatına görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bununla bağlı qeyd edib ki, sözügedən mərkəz artıq cari ilin dekabr ayında fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaradılan mərkəzin məqsədi mobil cihazların qeydiyyat sisteminin (MCQS) tətbiqidir. Mərkəzdə Azərbaycanın telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların, bu qaydada nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı nəzərdə tutulub. Mərkəz işə düşdükdən sonra MCQS vasitəsilə qeydiyyatsız, oğurluq və klon cihazların IMEI (International Mobile Equipment Identification) kodları vasitəsilə identifikasiya olunaraq mobil rabitə şəbəkələrində istifadəsi məhdudlaşdırılacaq.

Xatırladaq ki, bu ilin fevral ayından Azərbaycanda mobil operatorların şəbəkələrində mobil cihazların IMEI kodlarının monitorinqinə başlanıb. IMEI kodların monitorinqi Azərbaycana qeyri-leqal idxal olunan və ölkənin mobil rabitə şəbəkələrində istifadə olunan mobil cihazları üzə çıxarmağa imkan verəcək. Monitorinq nəticəsində saxta IMEI kodları olan mobil cihazlar da aşkar olunacaq. Monitorinq zamanı aşkarlanmış qeydiyyatsız mobil cihazların şəbəkədən istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub. Şəbəkədən məhdudlaşdırma prosesi MCQS-in istifadəyə verilməsindən sonra aparılacaq.

Qeyd edək ki, IMEI - mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrədir. Mobil rabitə şəbəkəsində istənilən zaman kəsiyində istifadə olunan (hətta bir saniyə belə) hər bir mobil cihazın IMEI kodunu texniki olaraq monitorinq etmək və həmin mobil cihazın istifadəsini məhdudlaşdırmaq olar.