Fermerlərimizin Avropaya yolu açılır

15 Sentyabr 2015 08:45 (UTC+04:00)

Ölkəmizdə suvarılan torpaqların həcminin artması üçün çoxsaylı su anbarları tikilib istifadəyə verilir. Bu günlərdə Prezidentin iştirakı ilə Xızı və Siyəzən rayonlarını birləşdirən yeni bir su anbarının açılışı oldu. Belədə su anbarlarının sayının artması hesabına dövriyyəyə çoxlu miqdarda suvarılan torpaqlar daxil olur. Torpaqların lazımı qədər su ilə təmin edilməsi isə aqrar sektorrda məhsul istehsalının həcmini daha da artırır.

Bu isə ölkəmizdə aqrar sahə məhsulları istehsalının daha da artmasına və belədə yerli məhsullardan daha çox istifadəyə səbəb olur. Həmçinin, suvarma hesabına bol məhsulun əldə edilməsilə ixrac potensialı da artır. Azərbaycanın aqrar məhsulların aisə Rusiya bazarlarında böyük tələb var. Həmçinin, Avropa ölkələrindən bəziləri də Azərbaycandan aqrar məhsulların alınmasında maraqlı olduğunu bildirir.

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov bildirdi ki, suvarma anbarları vasitəsilə suvarılan torpaq sahəsinin artması məhsul istehsalının da çoxalmasına rəvac verəcək. Bu isə öz növbəsində həmin məhsulun bir hissəsini Avropaya ixrac etməyə də imkan yaradacaq: "Azərbaycanda 1 milyon 300 min hektar suvarılan torpar var idi. Suvarılan torpaqlarda hər hektardan götürülən məhsul təbii şəraitdə götürülən məhsuldan həmişə ikiqat artıq olub. Məsələn, Şamaxı kimi rayonda hər bir məhsul təbii şəraitdə yetişdirildiyindən burada quraqlıq fonunda 2-3 il ərzində taxıl məhsulu olmurdu. Bu torpağın suvarma anbarlarına toplanan su vasitəsilə suvarılması hesabına isə bol məhsul almaq olardı. Sabirabad rayonunda hər hektardan 40 sentner məhsul götürən iri fermer təsərrüfatları var. Beyləqan rayonunda "Qarabağ" şirkətini isə suvarma şəraitində hər hektardan 50 sentner məhsul ala bilir. Ona görə də suvarılan torpaq sahəsi nə qədər çox olarsa, məhsuldarlıq və ona uyğun istehsal da artacaq. Bu günlərdə Xızı və Siyəzəndə, ondan xeyli əvvəl isə Şəmkirdə su anbarları tikilib istifadəyə verildi. Onların tikilməsinin böyük faydası var. Bu fayda ondan ibarətdir ki, həmin anbarlar vasitəsilə dəmyə şəraitində olan torpaqlar suvarılacaq və bunun nəticəsində məhsuldarlıq qat-qat artacaq. Lakin məsələ təkcə suvarmaqla bitmir. Bu torpaqlarda suvarılmadan öncə mütləq meliorativ tədbirlər aparılmalıdır. Yəni, şoran torpaqlar sağlamlaşdırılmalı, meliorativ tədbirlər həyata keçirildikdən sonra ərazi anbardakı sularla suvarılıb, orada məhsul yetişdirilməlidir. Məsələn, Siyəzəndə tərəvəzçilik, Xızıda taxılçılıq bu yolla inkişaf etdiriləcək. Eyni zamanda, bu bölgələrdə mal-qara üçün yem bitkiləri və digər ənənəvi bitkilər əkiləcək. Bunun nəticəsində azı 10 min hektara qədər sahədə həm məhsuldarlıq artacaq, həm də istehsal. Bu da respublikada ümumi məhsul artımına gətirib çıxaracaq. Həmin ərazilərdə elə məhsullar yetişdirmək olar ki, onlar Qərb ölkələrinə ixrac edilsin. Hesab edirəm ki, Azərbaycanda istehsal olunan yemiş məhsulu çox keyfiyyətlidir. Onun tərkibində karbohidratlar çoxdur. Qrpız da keyfiyyət baxımından yüksək məhsul hesab olunur. Eyni zamanda, Azərbaycanda istehsal olunan kələm məhsulu da qida maddələrilə zəngindir. Ölkəmizdə istehsal olunan digər qida maddələrilə zəngin olan tərəvəz məhsulları da var ki, bu məhsulları da Qərb ölkələrinə faraş formada ixrac etmək mümkündür. Belədə suvarma anbarlarının tikilməsi daha çox torpaq sahəsinin suvarılmasına və bu əsasda da məhsul istehsalının artmasına gəririb çıxaracaq. Nəticədə o məhsulun bir hissəsini də Avropa ölkələrinə ixrac edə bilərik. Beləliklə, respublikamız əlavə gəlir götürəcək və xalqımızın güzəranı daha da yaxşılaşacaq".