İdxal benzini ucuzlaşır?!

15 Sentyabr 2015 08:47 (UTC+04:00)

Dünya bazarlarında neftin qiyməti hələ də sabitləşməyərək tez-tez dəyişməkdədir. Amma son bir neçə aydır ki, dünya bazarında neftin qiyməti xeyli ucuzlaşıb. Bunun nəticəsində bir çox ölkələrdə benzinin qiymətində azalmalar var. Məsələn, Ukraynada yanacaqdoldurma məntəqələrinə sahib olan bir çox şirkətlər yanacağın qiymətini 50-60 Ukrayna qrivnası həcmində ucuzlaşdırıb. Ekspertlər isə Azərbaycanda neftin ucuzlaşması ilə bağlı olaraq idxal edilən benzinin qiymətinin aşağı düşməsini mümkün sayırlar.

Yerli siehsalından fərqli olaraq idxal benzininin ucuzlaşmasının mümkünlüyünü Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev də mümkün sayır. Onun sözlərinə görə, Azərbaycan bazarında avtomobil benzinin qiyməti neftin bir barrel 60-62 dollar qiyməti əsasında hesablanıb. Azərbaycanda istehsal olunan Ai -92 markalı benzinin qiymətinə dünya bazarında neftin qiymətin təsiri yoxdur: "Bunlar bir-biri ilə bağlı deyil. Bu markalı benzinin qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Bu qiymətlərin də dünya bazarında neftin qiymətinin düşməsindən heç bir asılılığı yoxdur". SOCAR rəhbəri qeyd edib ki, qiyməti bazar tərəfindən müəyyənləşən və Azərbaycana xaricdən gətirilən Ai-95 və Ai-98 markalı benzin növlərinin isə qiymətində fərq olur. Lakin bu benzinə olan cari tələbat çox azdır və - 6 ay əvvəl idxal olunan benzin hələ tam satılmayıb: "Əgər hazırda xaricdən gətirilən Ai-95 markalı benzini özümüz istehsal edəndə ildə 150 min ton benzin satırdıqsa, bu markalı benzin xaricdən gətirilməyə başlayanda isə əhali Ai-92 markalı benzin istifadə etməyə başlayıb. Artıq Ai-95 markalı benzinə tələbat ildə 25 min ton olub və bu həcm də tam satılmayıb". Bununla belə, SOCAR prezidenti dünya bazarında neftin qiymətinin düşməsinin yalnız Ai-95 və Ai-98 markalı benzinə təsiri ola biləcəyini qeyd edib: "Qiymətlər bazar tərəfindən müəyyənləşdiyindən, qiymət getdikcə azalmalıdır. Bura açıq bazardır, rəqabət var. Rəqabətə görə qiymətlər aşağı düşə bilər. Amma neftin qiyməti qalxdıqda bu markalı benzinin də qiyməti artacaq. Ai-92 benzini isə stabildir və Tarif Şurasının qərarı ilə qiyməti təsdiq olunub. Bu benzinin qiymətində dəyişiklik gözlənilmir".

Hesablamalara əsasən, ölkə ərazisində istehlak olunan benzinin əsas hissəsi, təxminən 95%-i Ai -92 markalı benzindir və bu markalı benzin tamamilə daxildə istehsal edilir. Tarif Şurası tərəfindən 2013-cü il 3 dekabr tarixindən Ai -92 markalı benzinin pərakəndə satışı üçün qiymət hər litr üçün 70 qəpik müəyyənləşdirilib. O da bildirilir ki, Ai -92 markalı benzinin qiymətinin formalaşmasına təsir edən xərclər, yəni xam neftin hasilatına və emalına çəkilən xərclər, qiymətə daxil olan vergilər və sair qiymətin müəyyənləşdirildiyi tarixdən dəyişməyib. Eyni zamanda, Ai -92 markalı benzin daxili istehsal olduğundan dünya bazarında baş verən proseslərin onun qiymətinə təsiri yoxdur. Odur ki, Tarif Şurasında bu markadan olan benzinin qiymətinin dəyişişdirilməsi məsələsi müzakirə olunmur. Hazırda ümumi istehlakda payı çox az olan Ai-95 və Ai-98 markalı benzin isə Azərbaycana idxal olunur və bu markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Elə bu səbəbdən hesab edilir ki, dünya bazarlarında neftin qiyməti aşağı düşdüyündən Ai-95 və Ai-98 markalı benzin də ucuzlaşmalıdır.

Qeyd edək ki, əvvəllər 93 qəpiyə satılan Ai-95 markalı benzinin qiyməti ötən ilin avqustundan 97 qəpiyə təklif olunur. Sonradan idaxlçı şirkətlər bu markalı benzinin qiymətini aşağı salıb. Ötən ilin oktyabrın 1-dən həmin markalı benzinin qiyməti 2 qəpik aşağı salınaraq, 95 qəpiyə endirilib. Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, idxal olunan "Avro-5" ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib. Hazırda Ai-95 və Ai-98 markalı benzini idxal edən şirkətlər onun qiymətini hələ də aşağı salmağa tələsmirlər. Neftinqiyməti qalxacağı təqdirdə isə bu benzinlərin qiymətinin ümumiiyətlə aşağı enməsindən söhbət getməyəcəck. Ancaq neft ucuzlaşarsa, vəziyyət dəyişə bilər.