Minsk qrupunun fəaliyyəti sual altına düşür

15 Sentyabr 2015 08:49 (UTC+04:00)

Cəbhə xəttində vəziyyət gərgin olaraq qalmaqdadır. Erməni tərəfi yenə də təxribatlara yol verməkdə davam edir. Bu fonda da demək olar ki, hər gün atəşkəsi pozurlar. Bu zaman da ağır silahlardan, artileriyadan belə idtifadə olunur.

Düzdür, həmin təxribat xarakterli əməllərinə görə ermənilər Azərbaycan əsgərləri tərəfindən ciddi şəkildə cəzalandırılırlar. Lakin buna baxmayaraq, Ermənistan cəbhə xəttində vəziyyətin gərgin olaraq qalmasına çalışmaqda davam edir. Bu fonda ATƏT-in Minsk qrupu isə vəziyyətin normallaşması, erməni təxribatlarına son qoymaq üçün demək olar ki, heç bir iş görmür. Onlar münaqişənin həllində irəliləyişə nail olmaq üçün real addımlar atmadığı kimi, cəbhə xəttində erməni təxribatlarını dayandırmaq istiqamətində də hər hansı fəaliyyətdə bulunmurlar. Görəsən, qurumun tutduğu bu mövqe Minsk qrupunun fəaliyyətində nəyə gətirib çıxara bilər?

Politoloq Fikrət Sadıxov bildirdi ki, Minsk qrupunun hazırkı situasiyada tutduğu mövqe Azərbaycana heç bir fayda gətirməyəcək: "Minsk qrupunun fəaliyyətsizliyi artıq cəbhə bölgəsində ciddi toqquşmalara gətirib çıxarıb. Bu da aparıcı dövlətlərin, ATƏT və digər beynəlxalq strukturların bu münaqişəyə biganəliyinin nəticəsidir. İşğala məruz qalan Azərbaycanı işğalçı Ermənistanla eyniləşdirirlər, qəbul edilən qətnamələr yerinə yetirilmir, müxtəlif bəyanatlar, qətnamələr qəbul olunur. Söhbət ondan gedir ki, ATƏT-in Minsk qrupu Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində çalışmaq, işğalçı Ermənistana təzyiq etmək əvəzinə, faktiki olaraq, bizi eyniləşdirirlər. Belədə isə Ermənistana öz bildiyini etmək üçün bir "kozır" verir, yaşıl işıq yandırırlar. Bu fonda da Ermənistan cəbhə xəttində təxribatlarla məşğuldur. Bu da Minsk qrupunun fəaliyyətsizliyinin nəticəsidir. Minsk qrupunun belə fəaliyyətsizliyi bundan sonra da davam edəcəksə, onun olması və ya olmaması Azərbaycana heç bir xeyir gətirməyəcək və faktiki olaraq, ölkəmiz ondan heç zaman faydalana bilməyəcək".

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev düşünür ki, Minsk qrupunun həll istiqamətində hazırkı fəaliyyəti prosesin çözülməsində tamam başqa yolların axtarılmasını vacib edir: "Münaqişənin həlli istiqamətində tamam başqa yollar axtarılmalıdır. Onu da qeyd edim ki, Azərbaycan tərəfi bunu çox yaxşı başa düşür. Ona görə də Minsk qrupundan ara-sıra mətbuata verdiyi açıqlamalardan başqa konkret nəsə gözləmək olmaz. Dünyanın güclü hissəsinin başı hazırda tamamilə başqa işlərə qarışıb. Bu səbəbdən onlar üçün Dağlıq Qarabağ məsələsi hazırda prioritet deyil. Həmişə məsələ ətrafında gedən müzakirə, şərh və təhlillərdə belə bir fikir gedib ki, regiondakı bu məsələ elə Rusiya ilə həll olunmalıdır. Hesab edirəm ki, Minsk qrupundakı digər dövlətlərdən heç birinin Rusiya qədər Dağlıq Qarabağ məsələsinə dəxli və problemin həlli üçün rıçaqları yoxdur. Xüsusən Ermənistana təsir mənasında Moskvadan başqa digər iki dövlət belə imkanlara malik deyil. Həmin səbəbdən də düşünürəm ki, hazırda məhz Rusiya istiqamətində işləmək lazımdır. Hazırda cəbhə bölgəsində, habelə münaqişənin həlli istiqamətində vəziyyət elədir ki, burada hər şey baş verə bilər. Bu fikri çoxları söyləyir. Amma münaqişə ətrafında yaranan situasiya elədir ki, burada emosiya və ya hansısa gözlənilməz məsələnin gərginliyi nəticəsində qəfil addımların atılması şəraitdən asılıdır. Əlbəttə, Azərbaycan tərəfindən hazırlıq hər gün artırılmalı, güc nümayiş etdirilməli, düşmən tərəfdən olan təxribatlar müdafiə nazirinin dediyi kimi, 10 qat artıq cavablandırılmalıdır. Bunların hamısını görürlər və ara-sıra bizə mənasız xəbərdarlıq da edirlər. Guya, ölkəmiz təmas xəttində vəziyyətin gərginləşməsində maraqlıdır. Biz onda maraqlıyıq ki, düşmən torpaqlarımızdan rədd olsun, ərazi bütövlüyümüzü bərpa edək. Onu da edəcəyik".