Bakı-Sumqayıt elektrik qatarının istismara verilməsi ilə əlaqədar Sumqayıtdaxili marşrutların hərəkət sxemi dəyişib

14 Sentyabr 2015 20:30 (UTC+04:00)

Bakı-Sumqayıt elektrik qatarının istismara verilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt şəhərində sərnişindaşıma xidmətlərinin yüksək səviyyədə təşkili məqsədilə operativ tədbirlər həyata keçirib.


Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, tərtib olunan proqram əsasında dəmiryolu yaxınlığından keçən şəhərdaxili marşrutların bir neçəsinin hərəkət sxemində dəyişikliklər olunub.


Sumqayıt şəhərində Koroğlu prospekti ilə hərəkət edən "5", "7", "7a", "10", "25", "30" və "39" saylı marşrut avtobusları Üzeyir Hacıbəyli küçəsindən dəmiryolu stansiyasına dönərək sərnişinlərin daşınmasını təmin edəcək. Sərnişinlər rahat və maneəsiz, vaxt itirmədən dəmiryolu stansiyasına gələ biləcəklər. Həmçinin, hazırda bu ərazidə avtobusların dayanacaq yerləri üçün xüsusi ciblər və sərnişinlər üçün piyada keçidləri çəkilir.


Sərnişinlərə nümunəvi xidmət göstərmək məqsədilə Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən mütəmadi olaraq bu kimi tədbirlər həyata keçirilməkdədir.