Gələn il Azərbaycan üzrə real iqtisadi artım 1,8% təşkil edəcək

14 Sentyabr 2015 21:00 (UTC+04:00)

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2016-cı il və sonrakı üç il üçün hazırlanmış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən 2016-cı ildə ölkə üzrə real iqtisadi artım 1,8% olmaqla, ÜDM istehsalı 57,7 mlrd. manat təşkil edəcək.


Maliyyə Nazirliyindən verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.


Qeyri-neft sektorunda ÜDM 41,5 mlrd. manat və yaxud cari ilə nisbətən 3,4 % real artımla proqnozlaşdırılıb. Neft sektorunda isə ÜDM istehsalı 16,3 mlrd. manat və yaxud 1,7% azalma ilə proqnozlaşdırılır ki, bu da 2014-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 10,8 %-bənd, 2015-ci ilin gözləniləninə nisbətən isə 3 %-bənd çoxdur. Özəl sektorun ÜDM-də payı 82,2% həcmində nəzərdə tutulur.


2016-cı il üzrə xidmətlərdə əlavə dəyərin artımı daha yüksək (39,8%) qiymətləndirilir. Belə ki, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətlərində 14,6%, nəqliyyat və anbar təsərrüfatında 3,3% və informasiya və rabitə xidmətlərində 13,5% real artım proqnozlaşdırılır.


2016-cı ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 18,8 mlrd. manat proqnozlaşdırılır ki, bunun da 57,8%-i daxili investisiyaların, 42,2%-i isə xarici investisiyaların payına düşür.


Ümumi investisiyaların 10,8 mlrd. manatının qeyri-neft sektoruna yönəldilməsi nəzərdə tutulur. Növbəti ildə qeyri-dövlət investisiyaları 11,0 mlrd. manat olmaqla, ümumi investisiyaların 58,2 %-ni təşkil edəcəyi proqnozlaşdırılır. Dövlət investisiyalarının ümumi investisiyaların tərkibində payının isə 41,8% (7,9 mlrd. manat) olacağı nəzərdə tutulur.