Bu gündən Azərbaycanda dərman vasitələri yeni qiymətlərlə satışa çıxarılacaq

15 Sentyabr 2015 09:52 (UTC+04:00)

Bu gündən etibarən Azərbaycandadərman vasitələri Tarif Şurası tərəfindən təsdiq olunan yeni qiymətdə satışa çıxarılacaq.Səhiyyə Nazirliyindən Movqe.az-a verilən məlumata  görə, hazırda ölkədə dövlət qeydiyyatına alınan dərman vasitələrinin sayı 4500-dən artıqdır.

Bu dərman vasitələrinin qiymətləri mərhələli şəkildə Tarif (qiymət) şurası tərəfindən təsdiqləndikcə eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq. İlkin olaraq 256 adda dərman vasitəsinin qiymətləri Tarif (qiymət) şurası tərəfindən təsdiqlənib, avqustun 25-də keçirilən iclasda isə daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilib. Beləliklə, elan olunan 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib.

Hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb.

Xatırladaq ki,Prezident İlham Əliyevin 18 mart 2015-ci il tarixli fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılıb. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 3 iyun 2015-ci il tarixli qərarla "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilib.