“Bilik günü” münasibəti ilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilmişdir

15 Sentyabr 2015 13:08 (UTC+04:00)

"Bilik günü" münasibəti ilə Suraxanı rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər təşkil olunmuşdur. Belə tədbirlərdən biri də rayonun Bülbülə qəsəbəsindəki 327 nömrəli tam orta məktəbdə keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fəridə Şərifova qonaqları salamladı və bildirdi ki, məktəbin kollektivi yeni tədris ilinə tam hazırdır. 

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, son 12 ildə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, təhsil sistemində də çox ciddi irəliləyişlər, uğurlar əldə olunmuşdur. Bu illər ərzində yaradılmış baza Azərbaycan təhsilinin inkişafına uzun müddət xidmət edəcəkdir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirilir.

Rayon rəhbəri qeyd etmişdir ki, 2015-2016-cı dərs ilinə ciddi uğurlarla gələn Azərbaycan təhsili üçün ötən dərs ili bir sıra mühüm hadisələr, islahatyönümlü tədbirlərlə əlamətdar olub. Təhsil islahatlarının daha da dərinləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində son illər başlanan işlər daha qətiyyətlə davam etdirilib, bir sıra yeni layihələrə start verilib, təhsil sistemimizin dünya təhsil məkanına daha sıx inteqrasiyası yönündə uğurlu addımlar atılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar  2015-ci il tarixli Sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı" təsdiq olunub.

Bu ildən I siniflərə qəbulun yeni sistemi tətbiq olunub. 2015-2016-cı tədris ili üçün  I sinifə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsi ilə həyata keçirilib.

Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları,  Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirtdiyi "Yeniləşən Azərbaycana yeni  məktəb" Proqramı  və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir.

İlqar Abbasov tədbir iştirakçılarının diqqətinə bir daha çatdırdı ki, qəbul olunmuş müxtəlif  Dövlət Proqramlarının icrası nəticəsində Suraxanı rayonunda 2003-2014-cü illər ərzində 5930 şagird yerlik 8 məktəb binası, şagird sıxlığını aradan qaldırmaq məqsədi ilə 20 məktəb üçün 7780 şagird yerlik əlavə tədris korpusu tikilmiş, 14580 şagird yerlik 21 məktəb binası əsaslı təmir olunmuşdur. 

2014-2015-ci tədris ilində rayon ərazisində yerləşən 34 tam orta məktəbi və Xarici Dillər Təmayüllü gimnaziyanı 1976 şagird bitirmiş, onlardan 1690 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Sənəd verənlərdən 1071 nəfəri tələbə adını qazanmışdır. Bu da sənəd verən məzunların 63,3 faizini təşkil edir.

Abituriyentlərdən 68 nəfəri 600-dən yuxarı bal toplamışdır. 650-dən çox bal toplayan məzunların sayı 24 nəfərdir.  

İlqar Abbasov əldə olunan uğurlara görə rayonun bütün təhsil işçilərini təbrik etdi və qarşıdakı 2015-2016-cı tədris ilində uğurlar arzuladı.

Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər. Sonra ilk zəng şagirdləri dərsə səslədi.