Bakı qeydiyyatında olmayan avtomobillərin paytaxta buraxılmaması şəhərə girişlərdə tıxac yaradıb? - Rəsmi mövqe

15 Sentyabr 2015 13:40 (UTC+04:00)

Bakı qeydiyyatında olmayan avtomobillərin paytaxta buraxılmaması şəhərə girişlərdə hər hansı tıxac yaratmayıb. Movqe.az-ın məlumatına görə, bu sözləri Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.


K.Əliyev deyib ki, sentyabrın 15-i - "Bilik günü" olmasına baxmayaraq Bakı yollarında tıxac problemi yaşanmayıb: "İctimaiyyətə müraciətlərimiz bəhrəsini verdi. İlk dəfədir ki, Bakıda yeni dərs ilində tıxac problemi yaşanmır. Əməkdaşlarımız bütün yollarda hərəkəti tənzimləyir ki, hər hansı problem yaşanmasın".


Onun sözlərinə görə, Sumqayıt şəhərinin qeydiyyatında olan avtomobillər də paytaxta buraxılmır.


K.Əliyev qeyd etdi ki, Sumqayıtdan Bakıya gələn avtomobillər ekoloji postda yoxlanıldıqdan sonra şəhərə buraxılır.


Xatırladaq ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan avtomobillər səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaqlar. Onlar yalnız gecə saat 24:00-dan səhər saat 07:00-a qədər Bakıya daxil ola bilərlər.


Bakıya fərdi avtomobili ilə gələnlər nəqliyyat vasitəsini şəhərin cənub və şimal girişlərində yaradılan dayanacaqlarda saxlamalı olacaqlar. Bununla əlaqədar paytaxta şimal və cənub istiqamətlərindən gələn avtonəqliyyat vasitələri üçün Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və "VAZ yol qovşağı" adlanan sahədə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində, Lökbatan qəsəbəsi yaxınlığındakı duracaqlar yaradılıb.


Hələlik 2 duracaq istifadəyə verilib. Yaxın gələcəkdə onların sayı 3-ə çatdırılacaq. Belə ki, daha bir analoji duracaq Müşfiqabad qəsəbəsi yaxınlığında inşa edilir.


Duracaqlardan istifadə ödənişsiz olacaq. Buradakı kondisioner və kombi sistemi ilə təchiz edilmiş ictimai iaşə binasında sürücü və sərnişinlər üçün gözləmə zalı, kafe, ana-uşaq otağı, tibb otağı, kişi və qadınlar üçün sanitar qovşaqları, bundan başqa, yol polisi əməkdaşları üçün xidməti otaqlar var.