Əcnəbilər Azərbaycan dilində danışacaqlar
9 Oktyabr 2012 16:36 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, bu gün Gənclər
üçün Təhsil Mərkəzi ölkəmizdəki əcnəbilər üçün növbəti "Azərbaycan
dili Məktəbi"nə qəbul elan edib.
Məktəbin əsas məqsədi ölkəmizdə təhsil alan, yaşayan və işləyən
əcnəbilərin ana dilimizdə sərbəst danışmasına kömək etmək,
dilimizin zənginliyini onlarla bölüşmək və Azərbaycanın milli
dəyərlərinin təbliğinə kömək etməkdir.
Mərkəzin icraçı direktoru Rasim Ağayevin verdiyi məlumata əsasən
yaşı 16-dan yuxarı olan və ana dilimizi öyrənmək istəyən hər bir
ingilis dilli şəxs Məktəbdə qeydiyyatdan keçə bilər. Qeydiyyat
oktyabr ayının sonuna qədər davam edəcək.
Azərbaycan dili Məktəbi pulsuz olaraq, hər bir qrup üçün 6 ay davam
edəcək. Məktəbdə ana dilimiz interaktiv metodlarla tədris edilməklə
yanaşı, əcnəbilərin ölkəmizin mədəni irsi ilə daha yaxından tanış
olması üçün əlavə tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Məktəb bugünədək 60-dan çox əcnəbinin Azərbaycan
dilini öyrənməsinə nail olunub.