ADAU-da Elmi Şuranın iclası keçirilib: universitetdə əmək haqları və tələbələrin təqüdləri artırıldı

15 Sentyabr 2015 16:32 (UTC+04:00)

11 sentyabr 2015-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində Elmi Şuranın iclası keçirilib. Əsaslı təmiri yeni başa çatmış iqtisadiyyat korpusunun 2-ci hissəsinin konfrans zalında keçirilən iclasda professor-müəllim heyəti əvvəlcə yaradılmış şəraitlə yaxından tanış olub. Şuranın iclasında 2014/2015-ci tədris ilinin yekunları və 2015/2016-cı tədris ilində qarşıda duran vəzifələr ətraflı müzakirə edilib. Şuranın sədri, rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək ötən tədris ilində əldə olunmuş nailiyyətlər, problemlər və qarşıda duran vəzifələr barədə danışıb. Göstərilib ki, yay tətili dövründə universitetin bütün tədris korpuslarında əsaslı və cari təmir işləri aparılmış, yeni laboratoriya avadanlıqları, cihazları alınaraq quraşdırılmışdır. Universitetin iqtisadiyyat korpusunda 2-aqrobiznes və idarəetmə, aqrar iqtisadiyyat fakültələri yerləşməklə, burada 1200-ə yaxın tələbə təhsil alır. Qeyd olunan fakültələrin ixtisaslarına tələbatın yüksək, vahid sahəyə düşən tələbənin sayının çox olmasını nəzərə alaraq, korpusun arxasında olan, vaxtilə istifadə edilməyən və istifadəyə yararsız olan binalar əsaslı şəkildə təmir olunub, internet, istilik sistemi, kompyuterlər, mebel dəstləri, parta və yumşaq stullarla ilə təchiz edilib. Bütövlükdə universitetdə mütəxəssis hazırlığının müasir tələblər səviyyəsində həyata keçirilməsi məqsədilə görülən işlər, o cümlədən 1000-dən çox tələbənin yaşayışı üçün müasir tipli yataqxanaların tikintisi, qapalı və açıq şəraitdə balıq yetişdirmə laboratoriyasının quraşdırılması, quşçuluq, arıçılıq tədris mərkəzlərinin yaradılması, tədris korpuslarının əsaslı təmiri, informasiya texnologiyalarının son nailiyyətlərinin tədrisdə tətbiqi "aqronomluq", "baytarlıq", "torpaqşünaslıq və aqrokimya", "zootexniklik" kimi prioritet kənd təsərrüfatı ixtisaslarına gənclərin marağının artmasına səbəb olmuşdur.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədovun 11 sentyabr 2015-ci il tarixli 93 nömrəli əmrinə əsasən kənd təsərrüfatı sahələrində daha çox ehtiyac duyulan ixtisaslara gənclərdə marağın artırılması məqsədilə 2015-ci ildə qəbul imtahanlarında 250-dən çox bal toplayaraq aqronomluq, zootexniklik və baytarlıq ixtisasları üzrə dövlət sifarişi əsasında universitetin bakalavriat pilləsinə qəbul edilmiş tələbələrə aldıqları təqaüddən əlavə Universitetin xüsusi (büdcədənkənar) vəsaitləri hesabına ayda 100 (yüz) manat ödənilməsi haqqında qərar qəbul olunmuşdur.

Bu kimi tədbirlərin nəticəsidir ki,əvvəlki tədris illərində əksər kənd təsərrüfatı ixtisaslarına faktiki tələbə qəbulu nəzərdə tutulan yerlərin sayı ilə müqayisədə aşağı olduğu halda, 2015/2016-cı tədris ili üçün qeyd olunan ixtisaslar üzrə qəbul planı tam yerinə yetirilmişdir. Bu isə "Kənd təsərrüfatı ili" elan edilmiş 2015-ci ildə əldə olunmuş ən mühüm nailiyyətlərdəndir.

Bundan başqa, 2015/2016-cı tədris ilində universitetə müvafiq olaraq 674 və 672 bal toplamış 2 tələbəyə aldıqları təqaüddən əlavə xüsusi (büdcədənkənar) vəsaitlər hesabına ayda 100 (yüz) manat, 500-600 arasında bal toplayan tələbələrə isə 50 (əlli) manat məbləğində ödənilməsi haqqında qərar da qəbul olunmuşdur.

Elmi şuranın digər qərarına əsasən, 2015-ci il oktyabr ayının 01-dən professor-müəllim və laborant-texniki heyətin sosial vəziyyəti nəzərə alınaraq, prorektorlar, dekanlar, dekan müavinləri, kafedra müdirləri, şöbə müdirləri, pedoqoji heyətdən olan elmlər doktorlarının əmək haqlarına 100 (yüz) manat, muzeyin direktoru, "Aqrar mütəxəssis" qəzetinin redaktoru və 40 yaşınadək fəlsəfə doktorlarının əmək haqlarına 80 (səksən) manat, 40 yaşınadək elmi dərəcəsi olmayan müəllimlərin əmək haqlarına 60 (altmış) manat, inzibati binanın işçilərinin əmək haqlarına 50 (əlli) manat və tədris-köməkçi heyətinin əmək haqqına 30 (otuz) manat məbləğində əlavələr edilib.

Bu kimi tədbirlərin davamlı xarakter daşıyacağını bildirən rektor belə bir şəraitdə müasir tələbələrə cavab verən kadr hazırlığına töhfə verməyi hər bir kəsin başlıca vəzifəsi olduğunu qeyd edib.

İclsasda, həmçinin, ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına uyğun olaraq universitetdə qeydiyyat, qiymətləndirmə, monitorinq bölmələrinin yaradılması haqqında qərar qəbul olunub.