Təhlükəli "köç yolunu" göstərdilər-Foto

16 Sentyabr 2015 17:36 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, Fransız televiziya kanalı "France 2"nin iki əməkdaşı 60 qaçqınla birlikdə bir qayığa minərək Türkiyədən Yunan adalarına keçib.

Franck Genauzeau və Giona Messina adlı jurnalistlər, tüklər ürpərdən səfəri anbaan göstərərək, riskli amma bir o qədər də əhəmiyyətli bir işə imza atıb.

Çanaqqalanın Ayvacık mahalına bağlı turistik Behramkale (Assos) kəndindən 12 sentyabr günü axşam çağı saat 5-6 radələrində hərəkət edən gəmiyə, insan qaçaqçılarına adam başı 2 min avro ödəyən immiqrantlar, Midilli adasına getmək üçün 10 kilometrlik təhlükəli bir səfəri gözə alıblar.

İnsan qaçaqçıları Suriyalı və İraqlı immiqrantlardan birini kapitan seçərək, qaçqınları öz talehləri ilə baş-başa buraxaraq, sahildə olarkən gəmidən ayrılıb.

Havanın qaraldığı saatlarda immiqrantları daşıyan gəminin mühərrikində problemlər əmələ gəlib. Sıx duman çıxararaq dayanan mator səbəbiylə dalğalı dənizin ortasında qalan köçkünlərin imdadına oradan keçən bir yunan balıqçı gəmisi yetişib. Balıqçı gəmisinə bağlanan iplə Midilli limamına çəkilən köçkünlərin dörd saatlıq səfəri beləcə faciəyə çevrilmədən sonlanıb.

Limana soyuqdan titrəyərək çıxan immiqrantlardan bəzilərinin ağladığı görülüb.