Azərbaycanın fövqəladə hallar naziri İran nümayəndə heyəti ilə görüşüb

16 Sentyabr 2015 18:38 (UTC+04:00)

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 16-da ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Ticarət, Sənaye və Mədən Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Kəmaləddin Heydərov bildirib ki, iki dost və qonşu ölkənin nazirliklərinin nümayəndə heyətlərinin səfərləri qarşılıqlı faydalı əməkdaşlığa yeni töhfələr verir. Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlərdən, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə məhsuldar əməkdaşlıqdan bəhs edən nazir əlavə edib ki, əlaqələrimizi daha da genişləndirmək üçün böyük potensial mövcuddur.


Nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının ticarət, sənaye və mədən nazirinin müavini Mehdi Kərbasian dəvətə və görüşə görə təşəkkürünü bildirib, təmsil etdiyi nazirliyin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi ilə uğurlu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.


Tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.