Ulu Öndərin zəngin irsi hər zaman gənclərimizə nümunədir

16 Sentyabr 2015 19:30 (UTC+04:00)

Sentyabrın 16-da Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin xüsusi təyinatlı briqadasının sülhməramlı taborunun və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının rayon ərazisində yerləşən "N" saylı hərbi hissənin zabit və əsgər heyəti Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində olub.


Mərkəzlə tanışlıq xalqımızın ümummilli lideri Heydər Əliyevin irsini daha yaxından öyrənmək məqsədi daşıyıb.


Tədbirdə çıxış edənlər bu qəbildən olan görüşlərin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, milləti və dövləti qarşısında misilsiz xidmətlər göstərmiş ulu öndər Heydər Əliyevin zəngin irsi hər zaman gənclərimizə nümunədir.


Daha sonra mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan bölmələrdə Ulu Öndərin uşaqlıq və gənclik dövrlərinə aid fotoşəkillərə, 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı və digər sahələrdə reallaşdırdığı tədbirləri əks etdirən materiallara baxış olub. Həmçinin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatındakı quruculuq işlərindən bəhs edən toplanmış materiallar zabit və əsgərlərin diqqətinə çatdırılıb.


Mərkəzdə toplanmış fotolardan və eksponatlardan bir daha aydın olur ki, ulu öndər Heydər Əliyev ölkəmizin beynəlxalq nüfuzunun, müstəqilliyinin möhkəmləndirilməsi üçün əvəzsiz işlər görüb.


Sonda hərbi hissələrə kitablar hədiyyə edilib.