Yardımlı, Quba və Tərtər rayonlarının kəndlərinə qaz verildi

16 Sentyabr 2015 22:00 (UTC+04:00)

Bu gün Yardımlı rayonunun Urakəran və Quba rayonunun Mirzəqışlaq kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib, Tərtər rayonunun Hacıqərvənd kəndi isə yenidən qazlaşdırılıb.


Movqe.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Yardımlı rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 122 abonenti olan Urakəran kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 8100 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 122 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Quba rayonunun 151 abonentlik Mirzəqışlaq kəndinin qazlaşdırılması zamanı 11 140 metrlik qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Tərtər rayonunun kəndlərinin də yenidən qazlaşdırılması istiqamətində mühüm işlər aparılıb. 552 abonenti olan Hacıqərvənd kəndinə təbii qaz verilişinin bərpası məqsədilə birpilləli sistem əsasında 25 754 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.


Sakinlər yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.