Azay Quliyevin deputatlığa namizədliyi irəli sürülüb

17 Sentyabr 2015 10:50 (UTC+04:00)

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində yaşayan elm xadimləri, gənclər, QHT təmsilçiləri, Qarabağ qaziləri və veteranları, media mənsubları və digərləri 1 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkidə Azay Quliyevin namizədliyinin irəli sürülməsi ilə əlaqədar "Seçicilərin Təşəbbüs Qrupu"nu yaradıblar.


Movqe.az-ın məlumatına görə, təşəbbüs qrupunda təmsil olunan ziyalılar və ictimaiyyət nümayəndələri çıxış edərək A.Quliyevin deputatlığa namizədliyini dəstəkləyərək onun ötən on ildə uğurlu deputatlıq fəaliyyəti, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakı, Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə müdafiəsi istiqamətində gördüyü işlərdən danışıblar.


İclasda çıxış edən millət vəkili A.Quliyev TQ-nin üzvlərinə təşəkkürünü bildirib və göstərilən etimadı doğrultmaq üçün bütün gücü ilə çalışacağını deyib. Millət vəkili vəzifəsinin böyük məsuliyyət olduğunu bildirən A.Quliyev növbəti dəfə seçicilərin etimadını qazanacağı halda indiyədək olduğu kimi bundan sonra da yalnız bu tribunadan vətəndaşların hüquq və mənafelərinin qorunması, milli maraqlarımızın təminatına və ölkəmizin inkişafına töhfə vermək üçün istifadə edəcəyini vurğulayıb.


Toplantıda A.Quliyevin dəstəkləmək üçün yaradılan təşəbbüs qrupunun adının "Gələcəyə inamla" olması yekdilliklə qəbul edilib. Daha sonra müvafiq sənədlərin DSK-ya təqdim olunması üçün səlahiyyətli nümayəndələr seçilib.