Metyu Brayza: AKP itirilmiş mövqelərini bərpa edə bilsə, prezidentin səlahiyyətləri genişləndiriləcək

17 Sentyabr 2015 15:20 (UTC+04:00)

Türkiyədə təkrar parlament seçkilərinin ləğv edilməsi ehtimalı olduqca azdır. Movqe.az-ın məlumatına görə, bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.


Onun sözlərinə görə, seçkilərin təxirə salınmasını yalnız PKK istəyir: "Qarşıdakı seçkilər AKP-nin 2002-ci ildə hakimiyyətə gəlişindən bəri Türkiyə üçün ən vacib seçki olacaq: "Prezident Rəcəb Tayyib Ərdoğan ümid edir ki, hakim partiya təkrar parlament seçkilərində səslərin çoxunu qazanacaq. Bununla da onun prezidentin səlahiyyətlərini genişləndirmək və parlament hakimiyyətini məhdudlaşdırmaq üçün Türkiyə Konstitusiyasını dəyişdirmək imkanı yaranacaq".


Ekspert hesab edir ki, əgər AKP itirilmiş mövqelərini bərpa edə bilsə, prezidentin səlahiyyətləri genişləndiriləcək: "AKP kifayət qədər səs toplaya bilməsə, Ərdoğan Türkiyə siyasətində daha az vacib rol oynayacaq ki, bu da ölkənin siyasi xəritəsini kökündən dəyişdirəcək".


M.Brayza qeyd edib ki, AKP-nin seçkilərdə qələbə qazanmaq üçün yaxşı şansları var: "Ərdoğan kifayət qədər bacarıqlı siyasətçidir və Türkiyənin yarısı onu dəstəkləyir. Digər tərəfdən iddia etmək olmaz ki, AKP qələbə qazanacaq. Seçkilərə isə bir neçə həftə qalıb. AKP seçkiqabağı kampaniyada qələbə qazanmaq üçün bütün resurslarından istifadə edir".