Ətrafı avtomobil dayanacağına çevrilən məktəblər

18 Sentyabr 2015 08:37 (UTC+04:00)

Dərs mövsümü başlayandan tıxac məsələsi yenidən aktuallıq kəsb etməyə başlayıb. Hazırda tıxaclar özünü əsasən də şəhərdə yerləşən tədris ocaqlarına yaxın ərazilərdə göstərir. Bu da onunla bağlıdır ki, dərslər başlanandan məktəb binalarının qarşısı yenidən minik avtomobilləri ilə dolmağa başlayıb. Bir çox valideynlər övladlarını məktəbə minik avtomobili ilə gətirib aparır. Bu zaman da tıxac problemi kəskinləşir. Görəsən, məktəblər ətrafında yaşanan tıxac problemini necə həll etmək olar?

Ekspert Azər Allahverənov məktəb ətrafında yaranan tıxac probleminin həlli üçün geniş spektrli addımların atılmalı olduğunu söylədi: "Həqiqətən də, dərslərin başlanması isə Bakı şəhərində məktəb ətrafı ərazilərdə yenidən tıxac problemi müşahidə olunmaqdadır. Əksər valideynlər öz uşaqlarını məktəbə qoyarkən məhz nəqliyyat vasitələrindən istifadə edir. Özü də bu zaman nəqliyyat vasitəsini ancaq məktəbin yaxınlığında saxlayırlar. Amma əksər məktəblər ətrafında nəqliyyat vasitəsinin saxlanılması qadağan olunub, bununla bağlı ərazidə nişanlar qeyd olunub. Lakin sürücülər buna əhəmiyyət vermir. Belədə dərs saatları zamanı məktəb ətrafında sıxlıq və tıxacın olduğunu müşahidə edirik. Dövlət Yol Polisi əməkdaşları isə müxtəlif obyektiv səbəblərə görə həmin ərazilərə ya daxil ola, ya da ümumiyyətlə, orada xidmət apara bilmirlər.

Bir faktı da nəzərə alaq ki, Bakı şəhərində dövlət yol polisi əməkdaşları o qədər də çox deyil ki, bütün məktəbləri əhatə edə bilsinlər. Mövcud qaydalara əməl etməyən valideynlərin bu səpkidə olan davranışları həqiqətən də məktəb ətrafında tıxacların geniş vüsət almasına gətirib çıxarır. Belə neqativ halların qarşsını almaq üçün düşünürəm ki, müvafiq qaydada valideynlərlə təbliğat işləri aparılmalıdır. Bu işi xüsusən də məktəbə yaxın ərazilərdə avtomobili saxlayıb, şagirdi düşürən avtomobil sahibləri ilə də aparmaq lazımdır. Başqa bir tərəfdən, zaman-zaman ayrı-ayrı məktəblər ətrafında reydlər keçirilməlidir. Nəzarət də gücləndirilməlidir. Hər məktəb ətrafında çoxsaylı nəzarət müşahidə kameraları var. Onlar vasitəsilə müvafiq qaydada çəkilişlər də aparıla bilər. İnzibati qaydada tədbirlərin görülməsi də vacib elementdir. Yəni, problemin həlli geniş spektrli bir məsələdir.

Ancaq məktəb ətrafında çoxsaylı nəqliyyat vasitəsinin sıxlığının müşahidə olunmasın həm də onunla bağlıdır ki, əksər valideynlər övladlarını qeydiyyatda olduğu, evinə yaxın məktəbə deyil, daha perstijli olmasını əsas gətirməklə daha uzaq bir məktəbə qoyurlar. Nəticə etibarı ilə də onlar uşaqlarını həmin məktəbə qoymaq üçün nəqliyyat vasitələrindən istifadə etməli olurlar. Bu nüansı da nəzərdən qaçırmamalıyıq. Vaxtilə Təhsil Nazirliyinin qərarı var idi ki, uşaqlar ancaq qeydiyyatda olduğu ərazidəki məktəblərdə məktəbə götürülə bilər. Amma bu gün şəhərin mərkəzində fəaliyyət göstərən məktəblərə nəzər salanda görürük ki, ora uşaqlar şəhərin ən ucqar rayonlarından belə gəlir. Nəticədə nəqliyyat vasitəsinin xidmətindən istifadə etmək məcburiyyətində qalırlar. Çünki, ictimai nəqliyyatdan istifadə etməklə gecikmə hallarına yol verə bilərlər. Ona görə düşünürəm ki, bu məsələ də diqqətdə saxlanılmalıdır".