Qərəzli qətnaməyə Avropada da etiraz artır

18 Sentyabr 2015 08:38 (UTC+04:00)

Azərbaycanla bağlı Avropa Parlamentinin qəbul etdiyi məlum qətnamənin Qərbin öz maraqlarına ciddi zərbə vurması ilə bağlı Avropanın özündə etiraflar artmaqdadır. Açıq şəkildə bildirilir ki, Azərbaycanla münasibətlərə xələl gətirən bu ahllar Avropanın Cənubi Qafqaz kimi mühüm regionda mövqelərini sarsıdır. O da vurğulanır ki, Avropa Parlamenti və digər qurumlar hadisələr ikili standartlar əsasında yanaşmağa davam edərlərsə, daha çox özlərinə ziyan etmiş olacaqlar.

Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyasının keçmiş prezidenti Luka Cuzeppe Volonte isə qeyd edir ki, Azərbaycanda keçiriləcək seçkilər Avropa qurumlarına bu ölkəyə qarşı tətbiq etdikləri ikili standartlardan imtina etmək və üstəlik, ölkədəki seçki prosesinə müsbət töhfə vermək imkanı yaradır. Onun sözlərinə görə, noyabrın 1-də 5 milyon azərbaycanlı səs vermək üçün seçki məntəqələrinə gələcək, lakin Avropa institutları və mediası Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ona yaxın ərazilərdə minlərlə azərbaycanlının demokratik hüquqlarından məhrum olduğuna göz yumur: "Təəssüf ki, Qərb KİV-ləri tərəfindən aparılan son mübahisələr Azərbaycandakı seçkilərin müşahidəsi zamanı ikili standartlar və qərəzli mövqenin ola biləcəyi etimalını üzə çıxarır". L.Volonte qeyd edib ki, hətta bəzi beynəlxalq dairələrin seçkilərdən öncə ölkədə baş tutacaq seçkiləri gözdən salmaq üçün çalışacaqlarını etimal etmək olar: "Beləliklə, Avropa və beynəlxalq təşkilatlar Azərbaycanda seçki prosesinə və islahatlara müsbət töhfə vermək üçün əla imkanı itirirlər". Siyasətçi daha sonra əlavə edib ki, Qərb ölkələrinin Azərbaycana qarşı qərəzli mövqeyi Avropaya olan etibarı sarsıdacaq.

Avropa xarici əlaqələr komitəsinin sədri Elmar Brok da Azərbaycaan qərəzli yanaşmanı sərt tənqid edir. Xatırladaq ki, qərəzli qətnamənin qəbul olunduğu iclasda o bildirmişdi ki, prosedur qaydalarını pozmaq olmaz. Qeyd etmişdi ki, iclasda müzakirə olunan məsələlər əvvəlcə komitə iclaslarında müzakirə olunmalı və daha sonra plenar iclasa çıxarılmalıdır. Lakin qərəzli dairələr buna məhəl qoymadı.

Fransa Senatının üzvü Andre Rişard da qətnaməni sərt tənqid edənlərdəndir. O, Azərbaycan ərazisinin 20 faizinin uzun illərdir işğal altında olması fonunda qeyd edir: "İnsan haqlarından danışmazdan əvvəl bu problem həll olunmalıdır. Təəssüf ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə bu barədə heç nə deyilmir. Bu qətnamə əsas problemin həllini kölgədə qoymamalıdır. Biz Avropa ölkələri olaraq iki istiqamətdə iş aparmalıyıq. Əvvəlcə işğal altındakı torpaqlar azad olunmalı, sonra isə insan haqlarından danışmalıyıq. BMT Təhlükəsizlik Şurasının Qağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri yerinə yetirilməlidir". Digər senator Natali Qule də deyib ki, bu münaqişədən əziyyət çəkən insanların ağrı-acıları bir çox halda unudulur.

Məkrli dairələrin bunu görməzlikdən irəli gəlmələri isə Avropa Parlamentinin Azərbaycanla əlaqədar qəbul etdiyi qətnamənin Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrinə ciddi zərbə vurmasına səbəb olub. Xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı qeyd edib ki, tələsik formada qəbul olunan bu qətnamə Azərbaycanla bağlı qərəzli və böhtan xarakteri daşıyan iddialar irəli sürür: "Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq, etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrdən istifadə edilir. Bu da qəbuledilməzdir".

Nazir deyib ki, belə bir qətnamənin qəbul edilməsi heç bir diplomatik məntiqə sığmır: "Azərbaycan müstəqil və suveren ölkədir. Heç bir suveren dövlət diktə və siyasi təzyiq tərzli davranışı qəbul edilə bilməz. Tövsiyə edərdik ki, dəyərlərdən danışan Avropa Parlamenti bütün Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, ksenofobiya, şovinizm, islamofobiya, radikalizm, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsun". Onun sözlərinə görə, təəssüf doğuran hal odur ki, Avropa Parlamenti özündə cəsarət tapıb miqrant ailəsindən olan azyaşlı uşağın faciəli ölümünün mətbuat azadlığı adı altında karikatura obyektinə çevirərək məzxərəyə qoyulması məsələsini müzakirə etmir və münasibət bildirmir.