YAP Kürdəmir rayon təşkilatının inzibati binası istifadəyə verilib

17 Sentyabr 2015 20:00 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.


Azərbaycanda regionların sürətli sosial-iqtisadi inkişafı bir daha göstərir ki, ölkədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya uğurla davam etdirilir. Paytaxtla yanaşı, bölgələrdə də mühüm sosial layihələr icra olunur. Bu fakt özünü regionlarda, yeni inzibati binaların tikintisində daha aydın büruzə verir. Bölgələrdə inşa olunan inzibati binalar sırasında Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün tikilən binalar da xüsusi yer tutur. Bu sırada partiyanın Kürdəmir rayon təşkilatının binasını da qeyd etmək olar.


Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Bunun nəticəsidir ki, ulu öndər Heydər Əliyevin yaratdığı bu siyasi partiya sıralarını getdikcə daha da genişləndirir. Partiyanın ümumi amallar naminə uğurlu fəaliyyətində rayon təşkilatlarının böyük rolu var. Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının yeni inşa olunan inzibati binalarında yaradılan müasir şərait isə əməkdaşlara günün tələbləri səviyyəsində fəaliyyət göstərməyə geniş imkanlar açır.


Partiyanın Kürdəmir rayon təşkilatının 8350 üzvü var ki, onlardan da 3685-i gənc, 3002-i isə qadındır. Respublikanın hər yerində olduğu kimi, Kürdəmirdə də YAP üzvləri rayonun inkişafı üçün əllərindən gələni əsirgəmirlər.


Tikintisinə 2014-cü ilin noyabr ayında başlanılan bina zəruri infrastruktur, inventar və avadanlıqla təchiz edilib. Sahəsi 630 kvadratmetr olan ikimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası haqqında söylədikləri kəlamlar yazılıb, Ümummilli Liderin büstü qoyulub.


Binada xidməti otaqlarla yanaşı, akt zalı da yerləşir. İkinci mərtəbədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin partiya ilə bağlı fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.


Bu gün ölkənin həyatında baş verən bütün mühüm hadisələrdə fəal mövqe tutan, inkişafa öz töhfəsini verən Yeni Azərbaycan Partiyası tarixin son dərəcə ağır və kəşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranıb. İndi bu partiyanın hər bir üzvü respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, ümumi amallar naminə həyata keçirilən siyasətə dəstək verir. Kürdəmir rayon təşkilatının timsalında bu siyasi qurumun hər bir üzvü partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olduğunu və partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşdiyini nümayiş etdirir.


Yeni binanın ətrafı abadlaşdırılıb, geniş yaşıllıq zolağı salınıb. Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün bu cür müasir binaların inşası bir daha sübut edir ki, ölkəmizin inkişafına mühüm töhfələr verən bu partiyaya inam və etimad daha da artır və onun sıraları həm kəmiyyətcə, həm də keyfiyyətcə zənginləşir.