Üzeyir Hacıbəyli anıldı (FOTO)

18 Sentyabr 2015 14:33 (UTC+04:00)

Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyi və 18 sentyabr - Milli Musiqi Günü münasibəti ilə təntənəli mərasim keçirilib.


Movqe.az-ın məlumatına görə, mərasimdə Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri Ü.Hacıbəylinin əsərlərini səsləndirib.


Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Ü.Hacıbəylinin doğum gününün Azərbaycan xalqı üçün musiqi bayramına çevrildiyini bildirib: "Üzeyir bəyin 130 illik yubileyinin təntənəli şəkildə qeyd olunması Azərbaycan xalqının musiqiyə, mədəniyyətə böyük sevgisi və diqqətinin bariz nümunəsidir. Üzeyir Hacıbəylinin musiqisi nəinki Azərbaycanda, hətta bütün dünyada səslənir, zəngin Azərbaycan mədəniyyətini təmsil edir. Azərbaycan mədəniyyətinin və mənəviyyatının formalaşmasında dahi bəstəkarın müstəsna xidmətləri olub".


Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə isə bildirib ki, Ü.Hacıbəylinin musiqisi bütün dünyanı dolaşır, ən böyük musiqi salonlarında səslənir: "Azərbaycan xalqı xoşbəxtdir ki, Üzeyir bəy kimi oğlu var".


Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi Ü.Hacıbəylinin Azərbaycan mədəniyyətindəki yeri və xidmətləri barədə danışıblar, onun xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulayıblar.