Nazir müavini: İbtidai təhsilin nəticələri yekun nəticədə daha əsasdır

18 Sentyabr 2015 17:45 (UTC+04:00)

Bu gün Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, YUNİSEF və "İnkişaf" Respublika Elmi-Praktik Mərkəzinin birgə layihəsi olan "Təməl" təqaüd proqramının bağlanış mərasimi keçirilib.


Movqe.az-ın məlumatına görə, tədbirdə iştirak edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, yeni forma və məzmunda hazırlanmış ixtisasartırma kursunun məqsədi Bakı şəhərində fəaliyyət göstərən ibtidai sinif müəllimlərinin peşəkarlıq səviyyəsini yüksəltməkdir: "İbtidai təhsil səviyyəsində fəaliyyət göstərən müəllimlərin dərslərinin müşahidəsi, valideynlərlə müsahibə, şagird nəticələrinin təhlili ibtidai sinif müəllimlərinin güclü və zəif tərəflərini müəyyən etməyə imkan verib. Sözügedən ixtisasartırma proqramının modulları həmin təhlilin əsasında aparılıb".


C.Bayramov qeyd edib ki, təlimlər iki ay müddətində davam edib. Proqramda iştiraka 114 nəfər maraq göstərib. Onlardan 113-ü yekun qiymətləndirmədə iştirak edib, 65 nəfər imtahandan uğurla keçərək "Təməl" sertifikatına layiq görülüb: "İxtisasartırma üzrə bir neçə böyük layihələr həyata keçirilir. Bu layihələr bir daha təsdiq edir ki, təhsilin bütün pillələri arasında ibtidai təhsilin nəticələri yekun nəticədə daha əsasdır".