Mehdi Kərbasian: İran Azərbaycan ilə sənaye sahəsində əlaqələrini inkişaf etdirməkdə maraqlıdır

19 Sentyabr 2015 11:30 (UTC+04:00)

İranın sənaye, mədənlər və ticarət nazirinin müavini və Mədənlərin İnkişafı Təşkilatının sədri Mehdi Kərbasian Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuata açıqlama verib. O, səfər çərçivəsində bir sıra səmərəli görüşlər keçirdiyini bildirib.


M.Kərbasian qeyd edib ki, Azərbaycanın "Baku Steel Company" şirkəti İranda poladəritmə sahəsində iki layihə ilə maraqlanır və bu şirkətin nümayəndələri yaxın vaxtlarda İrana səfər edərək danışıqlar aparacaq. Azərbaycan və İran arasında son bir il ərzində əlaqələrin inkişafı davam edir. Biz çalışırıq ki, bu əlaqələri sənaye sahəsində də inkişaf etdirək.


Nazir müavini bildirib ki, tərəflər İranda və Azərbaycanda dəmir filizi və poladəritmə sahəsinə müştərək sərmayələrin yatırılması və əməkdaşlıq haqqında razılığa gəliblər. Yaxın günlərdə Azərbaycandan iki nümayəndə heyəti İrana səfər edəcək. Bunlardan biri özəl şirkətlərin nümayəndələri, digəri isə İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri olacaq. Bu sahədə əməkdaşlıq məsələləri bir daha nəzərdən keçiriləcək.


Qeyd edilib ki, İran Azərbaycanda poladəritmə sahəsinin inkişafı üçün sərmayə yatırmaqda maraqlıdır və İranın Mədənlərin İnkişafı Təşkilatı bu sahədə danışıqları davam etdirir.


Vurğulanıb ki, Bakıda keçirilən görüşlərdə, həmçinin Azərbaycanın İranın "Çabahar", "Qeşm" və "Araz" azad iqtisadi zonalarında sərmayə yatırması məsələsi müzakirə olunub.