Xəbər verildiyi kimi Prezident İlham Əliyev Ağsu rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələrilə görüşündə bir sıra maraqlı məsələlərə toxunub. Dövlət başçısı bildirib ki, hazırda Qərbdə II Dünya Müharibəsinin təhrif olunması prosesi gedir: "Baxın, bu gün dünyanın müxtəlif yerlərində nələr baş verir. Bir il bundan əvvəl bunların heç biri yox idi.
Qanlı toqquşmaların sayı artır, coğrafiyası genişlənir. Bu qarşıdurmaya, müharibələrə yeni ölkələr qoşulur. Avropada böhran yaşanır. Mən artıq demişəm, bu, daha çox mənəvi böhrandır. Qaçqınlara münasibətdə bu ayrı-seçkilik, bu pis rəftar heç bir çərçivəyə sığmır. Özləri prinsiplər, dəyərlər bəyan ediblər. Başqa ölkələrin daxili işlərinə qarışmaq üçün bunu bayraq edib hər yerdə bəyan edirlər. Onda bu prinsipləri öz ölkənizdə də göstərin. Qadınları, uşaqları, qocaları döyürlər, onlara işgəncə verirlər. Bu insanların nə günahı var?! Ayrı-seçkilik göstərirlər, deyirlər ki, müsəlman qaçqınları buraxmayacağıq, bu nə deməkdir?! Bu faşizmdir, irqçilikdir, ksenofobiyadır. Yenə də Avropada faşizm baş qaldırır?! Axı faşizm bir bəla kimi müsəlman aləmində yaranmayıb. Biz yaxşı bilirik ki, harada yaranıb. Yəni, bunu unutdurmaq istəyirlər. İkinci Dünya müharibəsi haqqında Qərbdə qəsdən təhrif edilmiş informasiyalar gedir. Sovet xalqının, o cümlədən Azərbaycan xalqının iştirak etdiyi o müharibədə sovet ordusunun qəhrəmanlığını aşağılamaq istəyirlər. Televiziyada, internetdə gördüyümüz bu mənzərə yenə də o günləri bizə xatırladır. Yenə də faşizm baş qaldırır? Yenə də insanları təbəqələrə, millətlərə, dinlərə bölürlər? Ona görə islamofobiya çox böyük təhlükədir. Bu, bizim üçün təhlükədir. Çünki biz müsəlmanıq. Onlar üçün də təhlükədir".
Son proseslər
göstərir ki, həqiqətən də Avropada faşizm meylləri yenidən baş
qaldırmağa başlayıb. Bu ölkələrdə başqa millətdən olanlara, xüsusən
də müsəlmanlara qarşı ayrı-seçkilik halları artır. Millət vəkili
Elman Məmmədovun fikrincə, Avropada faşizmin yenidən dirçəlməyə
başlaması bu qitə hökumətlərinin İslam dünyasına olan nifrətindən
qaynaqlanır: "Avropa dəyərlərindən danışanda ilk növbədə Avropa
özünün bəşəriyyətə bəxş etdiyi iki dünya müharibəsini həmişə
gözünün qarşısına gətirməlidir. Bu dünya müharibələrində
bəşəriyyətin başına gətirilən oyun, 10 milyonlarla insanın məhv
olması, həbs düşərgələri bütün bunlar Avropa dəyərlərinin nəyə
söykəndiyindən, onun kim olduğundan xəbər verir. İkinci Dünya
Müharibəsinin nəticələri təbii ki, Avropaya dərs olmalıdır və bunu
heç zaman unutmamalıdırlar. Amma görürük ki, Avropada yenidən
faşizm ideyaları güclənir. Bunu müsəlman ölkələrindən ora getmək
məcburiyyətində olan qaçqınlara münasibətdə Avropa ölkələrinin
həyata keçirdiyi hərəkətlərdən aydın görmək olar. Bu gün Avropada
baş verən hadisələr, Qərbin Yaxın Şərqdə törətdiyi əməllər,
qaçqınlara qarşı hərəkətləri, onlar üçün faşizm dövrünün həbs
düşərgələrini xatırladan düşərgələrin yaradılması, islamafobiya,
bunların hamısı həmin qitədə faşizmin yenidən ayaq açmasına bir
işartıdır. Avropa artıq görürük ki, faşizmin dirçəldilməsi
istiqamətində gedir. Bu da Avropa ölkələrinin İkinci Dünya
Müharibəsinin nəticələrindən ibrət dərsi götürməməsi, başqa
millətlərə olan aqressiv münasibətin yenidən dirçəlməsinin
nəticəsidir. Avropa hay-küylə başqa dövlətlərdən tələb etdiyi
demokratiyanı özləri belə əməldə həyata keçirməlidir. Amma görürük
ki, özlərində olmayan demokratiyanı başqalarına sırıyır, özləri isə
faşizmə meyllənir. Faşizmin baş qaldırmasının nəticəsidir ki,
hazırda avropalılar tərəfindən qaçqın kütləsinin Aralıq dənizində
qəbirstanlığı yaranıb. Avropada yaranan və getdikcə güclənən faşizm
meylləri bu qitədə müsəlmanların sayının artmasından ehtiyat
etmələrindən qaynaqlanır. İslam dini yaranandan xristian dünyası
ona qarşı mütəmadi olaraq səlib yürüşləri təşkil edib. Bu gün də
Avropada faşizmin yenidən dirşəlməsi məhz həmin məqsədə xidmət
edir. Avropada son illər müsəlmanlara qarşı ayrı-seçkiliyin
artdığını müşahidə edirik. Bunun özü həmin qitədə faşizmin
dirçəlməyə başlaması ilə bağlıdır. Faşizmin baş qaldırması ən
dağıdıcı III Dünya Müharibəsinin başlanmasına gətirib çıxara bilər.
Artıq Avropa təəssüf ki, bu yolla gedir".
Millət vəkili Fəzail İbrahimli
qeyd etdi ki, faşizmin Avropada yenidən baş qaldırması, qitənin
yenidən insanlığa, bəşəriyyətə qarşı çevrildiyindən xəbər verir:
"Bu mənada hazırda Avropa dövlətlərinin atdığı addımlar da
insanlığa, bəşəriyyətə qarşı çevrilib. Bu gün Qərb Yaxın Şərq
dövlətlərini tamamilə məhv edib, buradakı xalqları qırıb. Öz
əməllərilə onlar milyonlarla insan kütləsini qaçqına çeviriblər.
Belədə görünür, onlar insanlığa, bəşəriyyətə, dünyaya qarşı cihad
elan ediblər. Amma bunun ağrı-acılarını özləri də duyacaqlar.
Faşizm ideologiyası ilə dünyanı özünə tabe etdirmək istəyən
Almaniyanın məqsədinin nə olduğu məlumdur.
Onlar faşizmi dirçəltməyə çalışmaqla gizli yollarla İslam dünyasına qarşı bir növ açıq cihad elan ediblər. Bu hədəflərdən biri olaraq da Azərbaycanı seçiblər. Ancaq əminəm ki, Azərbaycan ayaq üstədir və bu proseslərin heç birini ölkəsində qəbul etməyəcək. Azərbaycanda sabitlik, bütövlük, xalqın dövlət başçısı ətrafında birləşməsi, bütün bunlar Qərbin bu arzularını da ürəklərində qoyacaq".