BMT: İlin sonunadək dünyada mobil rabitə istifadəçilərinin sayı 7 milyard nəfəri ötəcək

20 Sentyabr 2015 11:30 (UTC+04:00)

2015-ci ilin sonunadək dünyada mobil rabitə istifadəçilərinin sayı 7 milyardı ötəcək. Bu isə planet əhalisinin təxminən hamısının mobil rabitə şəbəkələri ilə əhatə olunması deməkdir.


Bu barədə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olunmasında tərəqqinin qiymətləndirilməsi üzrə məqsədli qrupun hesabatında deyilir. Qeyd olunub ki, 2015-ci ilin sonunadək dünyada mobil rabitə istifadəçilərinin sayı 7 milyardı ötəcək və planet əhalisinin 95 faizindən çoxu mobil rabitə şəbəkələri ilə əhatə olunacaq. BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin 2015-ci ilin iyuluna olan məlumatına görə, Yer kürəsi əhalisinin ümumi sayı 7,3 milyarda yaxındır.


Hesabatda internetdən ümumi istifadənin təminində irəliləyişin olması qeyd olunur. Tədqiqatçıların məlumatına görə, hazırda planet əhalisinin 43 faizi internet istifadəçisidir. Həmçinin internet istifadəçilərinin sayında kəskin artım daha çox inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur.


İKT-nin tətbiqi inkişaf naminə qlobal tərəfdaşlığın formalaşdırılması üçün nəzərdə tutulan səkkizinci MİM-in tərkib hissəsidir. Məqsədli qrup son hesabatını məhz bu vəzifəyə nail olmağa həsr edib. Mütəxəssislər qeyd edirlər ki, bu istiqamətdə bir sıra problemlər qalmaqdadır. Məsələn, sosial rifahı yüksək olan ölkələr maddi rifahı zəif inkişaf etmiş ölkələrin inkişafının maliyyələşdirilməsi üçün vəsaitlərin ayrılması ilə bağlı öhdəlikləri yerinə yetirə bilməyiblər.


Movqe.az-ın TASS informasiya agentliyinə istinadən məlumatına görə, sentyabrın 25-27-də BMT-də yoxsulluğun, aclığın və cinslər arasında qeyri-bərabərliyin aradan qaldırılmasını nəzərdə tutan inkişafın yeni məqsədlərinin təsdiq ediləcəyi sammit keçiriləcək. BMT baş katibi Pan Gi Mun ümidvar olduğunu bildirib ki, məqsədli qrupun bu sahədə beynəlxalq tərəfdaşlığın inkişafı ilə bağlı tövsiyələri nəzərə alınacaq.