Baş Prokurorluq Gülər Əhmədovanın evində axtarış aparılması barədə məlumatlara münasibət bildirib
10 Oktyabr 2012 17:02 (UTC+04:00)
Baş Prokurorluq
sabiq millət vəkili Gülər Əhmədovanın evində axtarış aparılması ilə
bağlı yayılan məlumatlara münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında qeyd edib ki,
bəzi KİV-də Gülər Əhmədovanın mənzilində prokurorluq əməkdaşları
tərəfindən axtarış aparılması ilə bağlı yayılan məlumatlar həqiqətə
uyğun deyil: "Bu məlumat doğru deyil və tərəfimizdən qəti şəkildə
təkzib olunur".
E. Sultanov həmçinin KİV nümayəndələrinə müraciət edərək, bu
qəbildən olan informasiyaların düzgünlüyünü dəqiqləşdirmədən
yayımlamamağı tövsiyə edib.
Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat
Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc
Babayeva ilə bağlı video material yayılıb. Video materialda
deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva
arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək
məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə
dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı
çəkilib.
Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan
sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri
olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv
araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz
istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin
zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət
Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin
külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi
başlanıb.