İran və Azərbaycan arasında məhkumların öz ölkələrinə verilməsi məsələsi müzakirə olunub
10 Oktyabr 2012 17:24 (UTC+04:00)
İran İslam
Respublikasının Bakıdakı konsulu Seyidmovsen Mövlayi və konsulluğun
əməkdaşı Əlimirzə Əlimirzəyev ədliyyə nazirinin müavini,
Penitensiar Cidmətin rəisi Mədət Quliyevlə görüşüblər.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr
şöbəsindən APA-ya verilən
məlumata görə, görüşdə Azərbaycan və İran arasında məhkumların
cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşları olduqları
ölkəyə verilməsi sahəsində görüləcək işlər barədə müzakirələr
aparılıb.
M. Quliyev hər iki ölkənin məhkumların vətəndaşı olduqları ölkəyə
verilməsi ilə bağlı beynəlxalq konvensiyalara qoşulduğunu, eyni
zamanda iki ölkə arasında analoji sazişin mövcud olduğunu deyib.
Məhz bu hüquqi baza əsasında məhkum edilmiş şəxslərin öz ölkələrinə
verilmələri sahəsində işlərin təkmilləşdirilməsi barədə fikir
mübadiləsi aparılıb və ortaya çıxan problemlərin operativ
müzakirəsi məqsədilə mütəmadi olaraq görüşlərin keçirilməsi
məqsədəmüvafiq hesab olunub.
S. Mövlayi Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran
vətəndaşlarının saxlanma şəraitindən, eləcə də onlarla mütəmadi
görüş üçün səfirlik əməkdaşlarına yaradılmış şəraitdən məmnun
olduqlarını ifadə edib.